“Kitab-i Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı təqdim olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə ali təhsil ocağında Akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü Rafiq Əliyevin “Kitab-i Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, təqdimatı keçirilən “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı mövzu unikallığı və aktuallığı ilə seçilir. Kitabda müəlliflər yeni elmi yanaşma ilə çıxış edərək oxucuların diqqətini çəkməyi bacarıblar. Kitab ingilis dilinə tərcümə olunub və Türkiyə türkcəsinə çevrilməkdədir. Elbrus İsayev müəllifləri sanballı əsərə görə təbrik edib.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov dahi alimimiz Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsinin dünya üçün əhəmiyyətindən söhbət açıb. O, Zadə nəzəriyyəsinin geniş əhatəliliyinə toxunaraq bildirib ki, kitabı oxuyandan sonra bir daha aydın oldu ki, bu nəzəriyyənin arealı nə qədər geniş, nə qədər böyük tədqiqata açıq olan mövzudur. Kitab indiyə qədər araşdırılmış əsərlərə yenidən baxmaq imkanı yaradan bir kitabdır. Kitabda “Dədə Qorqud” boylarında verilən hadisələrə maraqlı baxış ortaya qoyulub və nəzəriyyə ilə güclü əlaqələndirmə aparılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov kitabı məzmun və mahiyyətinə görə qiymətli iş hesab edərək bildirib ki, bu, hələ başlanğıcdır və əsər daha böyük tədqiqatların davam etməsinə yol açacaq.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Universitetinin rektoru Anar Kazımov, Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış edərək yeni nəşri müxtəlif aspektlərdən təhlil edib, kitabı uğurlu həmmüəllif işi kimi dəyərləndiriblər.
Kitabın həmmüəlifi, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü Rafiq Əliyev çıxış edərək Lütfi Zadəni Nyutonla, Eynşteynlə müqayisə ediləcək dahi alim kimi qiymətləndirib və Kamal Abdulla ilə ərsəyə gətirdiyi bu kitabda da həmin nəzəriyyənin nə qədər heyrətamiz olması göstərilib. Bildirib ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnməklə ərsəyə gələn bu əsərdə qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik sütun və münasibətlər sütunu haqqında yazılıb.
Kitabın digər həmmüəllifi, xalq yazıçısı, AMEA-nın həqiqi üzvü Kamal Abdulla kitabın kibernetiklərlə filoloqların möhtəşəm görüşünün nəticəsi kimi ərsəyə gəldiyini diqqətə çatdırıb. Bu söhbətlərin nəticəsində Dədə Qorqud və Lütfi Zadənin Qeyri-Səlis Məntiqi olmaqla iki möhtəşəmlik bir-birinə yaxınlaşıb. Araşdırmalar sübut edir ki, Dədə Qorqud mövzusu heç zaman tükənməyəcək. Dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir.
Həmmüəlliflər təşkil olunan kitab təqdimatı mərasiminə və dəvətə görə öz təşəkkürünü bildiriblər.
Təqdimatdan sonra həmmüəlliflər tələbələrlə görüşüblər. Görüşdə elm adamları həyat və yaradıcılıq yolundan, elmi əsərlərinin yazılma tarixindən, xoş xatirələrindən söz açıblar. Səmimi şəraitdə keçən görüş iştirakçılarda xoş əhval yaradıb, müəllim və tələbələrin sualları cavablandırılıb.
Sonda Naxçıvan Dövlət Universiteti adından qonaqlara xatirə plaketi təqdim olunub.
Tədbir çərçivəsində Azərbaycan Dillər Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb.
Xosrov İbrahimov