Dövlət İmtahan Mərkəzində (DİM) 2019-2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən “Teatr, kino və xoreoqrafiya sənəti” istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura (69-cu proqram üzrə) səviyyəsinin ixtisaslaşmalarına və bakalavriat səviyyəsinin ixtisaslarına qəbul imtahanları ilə əlaqədar elmi-metodiki seminar keçirilib.
DİM-dən NUHÇIXAN-a bildiriblər ki, seminar qeyd edilən istiqamət üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin “aktyor sənəti (sahələr üzrə)”, “rejissorluq (sahələr üzrə)”, “operator sənəti (sahələr üzrə)” ixtisaslaşmalarına, həmçinin bakalavriat səviyyəsinin “aktyor sənəti”, “rejissorluq”, “operator sənəti” ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr haqqında müzakirələr aparmaq məqsədilə keçirilib. Seminarda 2018-2019-cu tədris ili üçün keçirilmiş imtahanlarda “Teatr, kino və xoreoqrafiya sənəti” istiqaməti üzrə qəbulun nəticələri müzakirə edilib, qarşıya çıxan məsələlər barədə təkliflər irəli sürülüb.
Tədbirdə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin “aktyor sənəti (sahələr üzrə)”, “rejissorluq (sahələr üzrə)”, “operator sənəti (sahələr üzrə)” ixtisaslaşmaları üzrə 2018-2019-cu tədris ilində qəbul edilmiş proqramlara bəzi redaktə xarakterli düzəliş və əlavələr edilib. “Rejissorluq (sahələr üzrə)” ixtisaslaşmasının proqramı üçün təklif edilən düzəliş və əlavələr bu ixtisaslaşma üzrə magistr qəbulu aparılan digər ali təhsil müəssisələrinin də müzakirəsinə veriləcək. Müzakirələr başa çatdıqdan sonra bu ixtisaslaşmalar üzrə proqramlar təsdiq edilərək “Magistr” jurnalının müvafiq nömrəsində dərc olunacaq.
Diqqətə çatdırılıb ki, 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin V qrupu üzrə yeni təhsil proqramı (kurikulum) əsasında qəbul imtahanı (XI sinfi cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak edirlər) keçiriləcək. Yeni qəbul modelinə uyğun olaraq “aktyor sənəti”, “rejissorluq”, “operator sənəti” ixtisasları üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təklif edilən müsabiqə şərtləri seminar iştirakçılarına təqdim edilərək bu barədə müzakirələr aparılıb. Müzakirələr yekunlaşdıqdan və müsabiqə şərtləri təsdiq edildikdən sonra bununla bağlı məlumat DİM-in saytında yerləşdiriləcək.
Seminarın gedişində, həmçinin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “aktyor sənəti”, “rejissorluq”, “operator sənəti” ixtisasları üzrə 2018-2019-cu tədris ilində qəbul edilmiş qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr müzakirə olunub və bəzi düzəlişlər aparılaraq 2019-2020-ci tədris ili üçün qəbul edilib.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “aktyor sənəti”, “rejissorluq”, “operator sənəti” ixtisasları üzrə qabiliyyət imtahanlarının qəbul edilmiş proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr təsdiqləndikdən sonra “Abituriyent” jurnalının xüsusi buraxılışında - “Teatr, kino və xoreoqrafiya sənəti” tədris metodiki vəsaitində dərc olunacaq.