AMEA prezidenti Türkiyə tərəfindən təşkil olunmuş konfransda çıxış edib - FOTOLAR
Türkiyənin Azərbaycandakı səfirliyi, Şərqi Anadolu İnkişaf Agentliyi və Van Yüzüncü Yıl Universitetinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan regional əməkdaşlıq imkanları” mövzusunda onlayn konfrans keçirilib. Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə NUHÇIXAN-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri Van Yüzüncü Yıl Universitetinin Sosial Elmlər İnstitutunun direktoru professor Bekir Koçlar açıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransda Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığından söz açıb. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladan AMEA rəhbəri iki qardaş ölkə arasında əlaqələrin bu gün Azərbaycan və Türkiyə prezidentləri tərəfindən daha da genişləndiyini xüsusi vurğulayıb. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi, elm sahəsində də qurulmuş əməkdaşlıq əlaqələri yüksək inkişaf mərhələsinə qədəm qoyub. İsa Həbibbəyli hələ Naxçıvan Dövlət Universitetinin rektoru olduğu illərdə Van Yüzüncü Yıl Universiteti ilə geniş əməkdaşlıq münasibətlərinin yaradıldığını bildirib, bu gün AMEA tərəfindən qardaş ölkənin TÜBA, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, TÜBİTAK kimi elmi qurumları və onlarla universitetləri ilə elmi əməkdaşlığın yüksələn xətlə inkişaf etdirildiyini söyləyib.
Bundan əlavə, ədəbiyyat, dil, tarix, seysmologiya, iqtisadiyyat, demoqrafiya və digər elm sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin, bir sıra ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. İki qardaş ölkənin digər elmi qurumları arasında da bir sıra prioritet istiqamətlərdə birgə əməkdaşlıq münasibətlərinin yaradılmasının vacibliyini diqqətə çatdıran akademik müştərək elmi tədqiqatların aparılmasının, eləcə də konfransların, dəyirmi masaların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə həmçinin AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycanın Türkiyədəki səfirliyinin mədəniyyət üzrə baş katibi İslam Quliyev, Van Yüzüncü Yıl Universitetinin rektoru professor Hamdullah Şevli, Şərqi Anadolu İnkişaf Agentliyinin baş katibi professor Halil İbrahim Güray və başqaları çıxış edərək gündəlikdə nəzərdə tutulan məsələlər ətrafında fikirlərini bildirərək təkliflərini səsləndiriblər.
Konfransda “İki şəhər, bir hekayə: Van və Şuşa” mövzusunda panel iclası da keçirilib. Həmçinin iqtisadi, mədəni və turizm üzrə əməkdaşlıq imkanları müzakirə olunub.