İyulun 9-da Dövlət İmtahan Mərkəzi Naxçıvanda (DİM) II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı və III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirir.
Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun NUHÇIXAN-a verdiyi məlumata görə, imtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Naxçıvan şəhərindəki 11, 12 və 15 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlar 76 zalda keçiriləcək. İmtahanların keçirilməsinə 12 imtahan rəhbəri və 99 nəzarətçi cəlb olunub, 922 abituriyentin iştirakı nəzərdə tutulur.