NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabının təqdimatı keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın ərsəyə gətirdiyi kitabda Naxçıvan Muxtar Respublikasının ərazilərindən toplanmış paremioloji vahidlər - deyimlər, atalar sözləri və məsəllər öz əksini tapır. Etnik-milli düşüncəni əks etdirən bu örnəklərin çoxu günümüzədək gəlib çıxsa da, unudulanları da vardır. Kitabda mövcud örnəklərin toplanıb yazıya alınması qədim türk təfəkkürünün qorunub yaşamasına töhfədir.
Qeyd edilib ki, kitab Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin redaktorluğu və filologiya elmləri doktoru, professor Füzuli Bayatın rəyi əsasında çap olunub.
İsmayıl Hacıyev müəllifə bundan sonrakı elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və həmin institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl kitab barədə ətraflı məlumat verib, kitabın geniş elmi ictimaiyyət tərəfindən maraqla qarşılanacağını bildiriblər. Vurğulanıb ki, toplanmış örnəklərin əksəriyyəti Naxçıvanın ərazilərinə xas olan özəlliklərə malik olmaqla, dəyərli və diqqətçəkəndir.
Müəllif dosent Aytən Cəfərova göstərilən diqqətə görə minnətdarlıq edib.
Adilə Səfərova