Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş "Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi" mövzusunda konfrans keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, tədbirdə bildirilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkədə tənəzzülə uğramaqda olan təhsilin də müasir dövrün tələblərinə uyğun olaraq inkişafına şərait yaratdı. Ulu öndərin rəhbərliyi ilə ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Onun müstəqillik dövründə Azərbaycan dili ilə bağlı verdiyi Fərmanlar, xüsusilə də dövlət dili haqqında Qanun ədəbi dilimizin inkişafına, zənginləşməsinə əlverişli şərait yaradıb.
Vurğulanıb ki, muxtar respublikamızda da ən ali milli dəyərimiz olan dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Kəmalə Əliyeva
NTV xəbər