Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 2022-2023-cü tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı çap etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində də muxtar respublikanın ümumtəhsil məktəblərinin yüksək nəticə göstərmələri ilə bağlı məlumatlar yerləşdirib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, jurnalda məzunlarının ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri ölkə üzrə 75 rayonun ümumtəhsil məktəblərini əhatə edib. Məzunlarının ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə sıralamada Naxçıvan şəhəri 1-ci, Şahbuz rayonu 2-ci, Ordubad rayonu 3-cü, Culfa rayonu 5-ci, Şərur rayonu 9-cu, Babək rayonu 10-cu sırada yer alıb. Məktəbi 2022-ci ildə bitirmiş abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə həm respublika üzrə, həm də respublikanın bölgələri içərisində ən yüksək nəticə Ordubad rayonunun məzunlarına məxsusdur. Ordubad rayonunun imtahanda iştirak edən hər 100 məzunundan 69-70 nəfəri ali təhsil müəssisələrinə qəbul olub.
Ali təhsil müəssisələrinə qəbul olan məzunların onların ümumi sayına nisbətdə faizinə görə 2022-ci ildə də təqdim edilib. Bu göstərici üzrə cari ildə Naxçıvan şəhərinin, Şahbuz, Ordubad və Culfa rayonlarının ümumtəhsil müəssisələri respublikanın digər bölgələrini təmsil edən məktəblərlə müqayisədə çox böyük üstünlüyə malik olub. Məktəbi 2022-ci ildə bitirən hər 100 nəfər məzundan Naxçıvan şəhəri üzrə 62-63-ü, Şahbuz rayonu üzrə 60-61-i, Ordubad rayonu üzrə 58-59-u, Culfa rayonu üzrə 57-58-i ali təhsil müəssisələrinə qəbul olunub.
Qeyd edək ki, muxtar respublikada 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirib, onlardan 2848-i, yaxud 95 faizi qəbul imtahanlarında iştirak edib, 2159-u yəni 76 faizi ali və orta ixtisas müəssisələrinə daxil olub, 6 məzun Prezident təqaüdünə layiq görülüb.