İkinci ixtisas qrupunda Azərbaycan bölməsində 299 ixtisas üzrə seçim aparmaq olar. Burada Azərbaycan bölməsində 10 min 190 yer təqdim olunur. Rus bölməsi üzrə ixtisasların sayı azdır, 20 ixtisas, 550 plan yer təqdim olunur. İkinci qrupda 84 ixtisas üzrə müsahibə birgə aparılır. Bu ixtisaslara 2540 plan yeri ayrılıb. İkinci qrupda Moskva Dövlət Universitetində rus bölməsi üzrə dövlət sifarişli yerlər var.
NUHÇIXAN xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ötən il ikinci qrupda ən yüksək nəticə göstərən abituriyentlər Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasını seçirdilər. Ötən illə müqayisədə bu qrupda 1073 yer plan artımı var. Dövlət sifarişli 285 yer əlavə olunub. Amma bu il abituriyentlərin sayı da kifayət qədər artıb. 150 baldan yuxarı nəticə göstərənlər marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə ixtisasları seçə bilərlər. Belə yerlərin sayı ikinci qrupda 4760-dır.
İkinci qrupda 200 baldan yuxarı və blok imtahanında 100 baldan az olmayan nəticə göstərən abituriyentlərin sayı 6803 nəfərdir. Ümumi plan yeri ikinci qrupda 13 min 285-dir. Hər müsabiqəyə buraxılan abituriyent üçün ən azı 2 yer var və onların hər biri ali məktəbə qəbul ola bilər.