Naxçıvan Dövlət Universiteti Avropa Universitetlərinin universitet-sənaye əməkdaşlığı və startaplar sahəsindəki təcrübəsini öyrənir - FOTOLAR
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və rektor məsləhətçisi Rəcəb Cəfərli Estoniyanın Tallin Texnologiya Universitetində (TalTech) Erasmus+ layihəsi çərçivəsində keçirilən təlimlərə qatılıblar.
28 avqust – 01 sentyabr tarixlərini əhatə edən təlim səfərində ENGAGE layihəsində təmsil olunan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri iştirak edirlər.
Təlimlərin açılışında çıxış edən TalTech-in rektoru Tiit Land qonaqları salamlayaraq, rəhbərlik etdiyi universitet haqqında qonaqları məlumatlandırıb və təcrübə mübadiləsinin faydalı olacağına əminliyini ifadə edib.
Nəzərinizə çatdıraq ki, səfərin əsas məqsədi Estoniyanın aparıcı ali təhsil müəssisələrindən olan TalTech-in sahibkarlıq təhsili sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.
Təlimlər çərçivəsində sahibkarlıq təhsili, universitet-sənaye əməkdaşlığı, Estoniyanın startap ekosistemi, rəqəmsallaşma, elektron idarəetmə və digər mövzularda seminarların keçirilməsi, nümayəndə heyətinin TalTech İnnovasiya və Biznes Mərkəzini, universitetin müvafiq laboratoriyalarını və Estoniyanın ən böyük startapını ziyarət etməsi nəzərdə tutulub.
Əlavə olaraq bildirək ki, ENGAGE layihəsi çərçivəsində ilk təlimlər cari ilin 21-25 avqust tarixlərində İsveçin Kral Texnologiya Universitetində keçirilib.