Naxçıvan məktəblərində Bilik Günü qeyd edilib - VİDEO

A- A A+

Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 15 Sentyabr - Bilik Günü münasibətilə tədbirlər keçirilib.

Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən məktəblərdə əvvəlcə dövlət himnimiz səsləndirilib.

Tədbirlərdə çıxış edənlər Bilik Günü münasibətilə müəllim və şagirdləri təbrik edib, şagirdlərə yaradılan şəraitdən istifadə edərək yaxşı təhsil almağı, hərtərəfli biliyə, yüksək dünyagörüşünə yiyələnməyi və vətənpərvər gənclər kimi yetişməyi tövsiyə ediblər.

Çıxışlarda bildirilib ki, bu gün ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı cənab İlham Əliyev tərəfindən  uğurla həyata keçirilir. Belə ki, müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 20-si “Qızıl”, 24-ü  “Gümüş” nişana, 32-si  fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 88-i fərqlənmə attestatına layiq görülüb.

Görülən işlərin nətiəsidir ki, 2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 3166 məzun bitirib, onlardan 2962-si, yaxud 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib, onlardan 196-sı 500-700 intervalında  bal toplayıb, II ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticəni muxtar respublika məktəblisi göstərib.

Diqqətə çatdırılıb ki, 2023/2024-cü tədris ilində Naxçıvan Muxtar Respublikasında  orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq, 4240 uşaq birinci sinfə gedəcək, 2423 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 3979 uşaq məktəbəqədər təhsil müəssisəsinə gedəcək. Yeni tədris ilinə hazırlıqla bağlı bütün zəruri tədbirlər həyata keçirilib, şagirdlərin hamısı dərsliklərlə təmin olunub.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda digər sahələr kimi təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Dövlət Proqramının icrası muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: