AMEA Naxçıvan Bölməsində “Məhəmmədhüseyn Şəhriyar və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, konfransda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığından söz açıb. O, Məhəmmədhüseyn Şəhriyarın Şərq dünyasının ədəbi-bədii fikrində özünəməxsus yaradıcılığı ilə böyük və şərəfli yer tutduğunu, qüdrətli söz ustadının ölməz irsinin dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisi olduğunu vurğulayıb.

Qeyd edib ki, Şəhriyar poeziyasını insanlara sevdirən, populyarlaşdıran, dillər əzbəri edən ilk növbədə, onun şeirinin fikir zənginliyi, bədii saflığı və səmimiyyətidir. Şəhriyarın ana, Vətən, təbiət, məhəbbət, ayrılıq və sair mövzularda qələmə aldığı poetik nümunələr bütün türk dünyasında dillər əzbəri olub.

Bildirib ki, Məhəmmədhüseyn Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poemasıdır. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib.

Konfransda digər çıxış edənlər dahi söz ustadının yaradıcılığından söz açaraq qeyd ediblər ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: