Xalq şairi Məmməd Arazın 85 illik yubileyi elmi-nəzəri konfransla qeyd olunub

A- A A+

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Təhsil Kompleksində Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.

Akademiyadan NUHÇIXAN-a bildirilib ki, rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev konfransı açaraq Məmməd Arazın həyat yolu, fəaliyyəti və yaradıcılığından bəhs edib. Rektor deyib: “Məmməd Araz yaradıcılığında mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə ədəbiyyatımızda qiymətli mövqe qazanıb. Xüsusilə də şairin yaradıcılığında milli azadlıq ideyası, vətənpərvərlik özünü qabarıq şəkildə büruzə verir. Buna nümunə olaraq “Ayağa dur, Azərbaycan”, “Bu gecə yuxumda Arazı gördüm”, “Məndən ötdü, qardaşıma dəydi” və bir çox başqa şeirlərini göstərmək olar”.

BXA-nın incəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova isə şairin şeirlərində həyat eşqi, insani duyğular və folklor nümunələrinin geniş və dolğun əks olunduğunu bildirib.

Tədbirdə, həmçinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev “Məmməd Araz yaradıcılığında milli istiqlal ideyalarının tərənnümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov “Poeziyamızın Məmməd Araz zirvəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Məmməd Araz şeirinin poetik özünəməxsusluğu” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra akademiyanın kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyevanın Məmməd Arazın 85 illik yubileyinə həsr edilmiş kitab sərgisi nümayiş olunub. Sərgidə şairin çap olunmuş kitabları və şeirinə bəstələnmiş musiqi diski yer alıb.

Elmi-nəzəri konfrans akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin ifasında şairin “Vətən desin” şeiri, incəsənət fakültəsi tələbələrinin ifasında Məmməd Arazın şeirlərindən seçmələr və şeirlərinə bəstələnmiş mahnılarla yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: