Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru və Türkiyənin Ege Universitetinin həkim-professor heyəti Naxçıvan Dövlət Universitetində olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ikitərəfli görüşdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları ali təhsil ocağında görməkdən məmnunluq duyduğunu dilə gətirib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-cu ildə universitetdə, “Təbiətşünaslıq” fakültəsinin nəzdində ali tibb təhsilinin təməli qoyulub. Fakültənin maddi-texniki bazasını daha da möhkəmləndirmək və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə 2015-ci ilin may ayında universitetdə üç mərtəbəli kliniki xəstəxana istifadəyə verilib. Burada tələbələrin müxtəlif xəstəliklərin müayinə və müalicəsi sahəsində ixtisaslaşması, həmçinin təcrübi dərslərinin keçirilməsi məqsədilə əlverişli şərait yaradılıb. Qeyd edib ki, tələbələr ixtisaslarının profillərinə uyğun olaraq muxtar respublikanın müvafiq xəstəxanalarından baza xəstəxanası kimi istifadə edir.
Rektor bildirib ki, Tibb fakültəsinin Türkiyənin bir sıra universitetləri ilə sıx əlaqələri mövcuddur. Fakültənin yuxarı kurs tələbələri hər il yay istehsalat təcrübələrinin böyük bir hissəsini Türkiyənin Trabzon, Erzincan, Erzurum, Kayseri, Qars və b. şəhərlərində yerləşən universitetlərin klinikalarında keçirlər.
Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru Rəşad Mahmudov universitetdə olmaqdan məmnunluq hissini ifadə edib, 14 ildən çoxdur ki, əhaliyə yüksəkixtisaslı və peşəkar tibbi xidmət göstərən mərkəz haqqında məlumat verib. Hospitalın müasir tibbi avadanlıqlarla təmin olunduğunu bildirən Rəşad Mahmudov burada tətbiq olunan yüksək tibbi texnologiyaların insan sağlamlığını qorumağa tam şəkildə imkan verdiyini diqqətə çatdırıb.
Türkiyənin Ege Universitetinin ürək-damar cərrahiyyəsi uzmanı, professor Suat Buket, ürək-damar cərrahiyyəsi kafedrasının professoru Çağatay Engin çıxış edərək qeyd ediblər ki, İzmirdəki Ege Universiteti Tibb Fakültəsi hərtərəfli tibb təhsili verən əhəmiyyətli bir qurumdur. Güclü akademik heyəti və müasir tibbi tədqiqat mərkəzləri ilə tələbələrə geniş ixtisas seçimləri təklif edir. Eyni zamanda Ege Universiteti Xəstəxanası tələbələrə praktiki təhsil imkanları təmin edən istinad sağlamlıq müəssisəsidir.
Qarşılıqlı görüşdə birgə əməkdaşlıq barədə fikirlər səsləndirilib.
Sonra Tibb fakültəsində həkimlər tələbələr üçün ustad dərsi keçiblər.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri