Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafında böyük alim, akademik Həsən Əliyevin müstəsna xidmətlərı olub. Görkəmli alim Vətənə və xalqa təmənnasız xidmətləri ilə hər bir azərbaycanlının yaddaşında silinməz izlər qoyub. Respublikanın hər bölgəsini qarış-qarış gəzən alim Vətənə, torpağa, xalqa bağlı insan olub. Mərhum akademik ömrünü Azərbaycan elminin inkişafına, əsasən təbiətin, ətraf mühitin qorunmasına həsr edib. Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri görkəmli təbiətşünas alim Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb və inkişaf edib.
NUHÇIXAN akademik Həsən Əliyevin adını daşıyan Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənovun görkəmli alimlə bağlı qeydlərini təqdim edir.
Azərbaycan elminin bütün sahələri XX əsrin əvvəllərindən sonra çox böyük surətlə inkişaf etməyə başladı. O dövrdə fəaliyyətə başlayan elm adamları hər bir sahədə sıfır nöqtəsindən başlayaraq elmin bu və ya digər sahəsini yaradır, yaşadır və inkişaf etdirərək növbəti nəslə ötürürdülər. Onlar zəif texniki təchizatla, az miqdarda olan maddi imkanla özlərini elmə həsr edir, elmi nailiyyətlərlə yaşayır, əldə etdikləri hər hansı kiçik uğurla irəliyə doğru mətin addımlarla irəliləyirdilər. Belə elm fədailərindən biri də təhsil pillələrinə çox gec qədəm qoymuş, lakin lazımi savada çox tez nail olmuş Həsən Əlirza oğlu Əliyev idi.
XX əsrdə respublikamızın tanınmış torpaqşünas-coğrafiyaçısı, akademik Həsən Əliyev 1907-ci il dekabrın 15-də indiki Ermənistan Respublikasının Sisyan rayonunun Comərdli kəndində anadan olmuşdu. Bu kənd Həsən Əliyevin babası Comərd kişi tərəfindən salındığına görə belə adlandırılmışdı. Özünün söhbətlərinə görə, Həsən Əliyev hələ 10-12 yaşlarında olarkən kənddə quzu otarmaqla müəyyən qədər pul qazanar və ailəyə kömək göstərərdi. Vaxt keçir, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulur, bütün əhalinin, o cümlədən kənd əhalisinin təhsilə marağı artır, hər yerdə fəhlə və muzdur, məktəb kursları açılır, camaat bu məktəblərə cəlb edilir.
Dövrün, zamanın çox surətlə dəyişdiyi bir dövrdə Həsən Əliyev cəmi 8 il müddətində orta və ali təhsilini başa vurur. 1917-ci ildəki erməni-müsəlman davası nəticəsində Həsən Əliyevin ailəsi Comərdli kəndini tərk edərək Naxçıvana gəlməyə vadar olur. O, 1924-cü ildən Naxçıvan şəhərində kənd axşam məktəbində təhsil alır, 1930-cu ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirir. O, 1932-ci ildə Gəncədəki Azərbaycan ET Pambıqçılıq İnstitutunun aspiranturasına qəbul edilir, elə həmin ildə də aspiranturanı başa vurur.
1934-cü ildə Həsən Əliyev Pambıqçılıq İnstitutunun Şirvan zona təcrübə stansiyasının (Ucar rayonu) direktoru vəzifəsinə təyin edilir. Bir qədər burada işlədikdən sonra keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının torpaqşünaslıq bölməsinə elmi işçi vəzifəsinə qəbul edilir. O, elmi-tədqiqat işləri ilə yanaşı, ali məktəblərdə də dərs deməklə, təsərrüfatda qazandığı təcrübəni gənc nəslə həvəslə öyrədir, yeni kadrların hazırlanmasına xüsusi maraq göstərir. İxtisasca torpaqşünas olsa da, daim coğrafiyaya maraq göstərir, bu sahədə böyük bilik əldə edir. Məhz bunun nəticəsi olaraq Həsən Əliyev 1937-41-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya fakültəsində assistent vəzifəsində çalışır və pedaqoji kollektivin böyük hörmətini qazanır. 1939-cu ildə Azərbaycan Coğrafiya Cəmiyyəti yaranarkən onun ilk üzvlərindən biri məhz Həsən Əliyev olur.
İkinci Dünya müharibəsi başlayarkən Həsən Əliyev orduya çağırılır və 1943-cü ildə ağır yaralanaraq Bakıya qayıdır. Müalicə edilib sağaldıqdan sonra Həsən müəllim yenidən akademiya sisteminə işə qayıdır, 1943-cü ildən akademiyanın coğrafiya bölməsinə rəhbərlik edir və 1944-cü ildə “Böyük Qafqazın cənub-şərq yamacı çayları aşağı axınlarının torpaqları” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alır.
1944-cü ildə Həsən Əliyev Azərbaycan Elmlər Akademiyası (indiki AMEA) Torpaqşünaslıq və Aqrokimya Bölməsinin elmi işlər üzrə direktor müavini təyin edilir və 1949-cu ilə qədər bu vəzifədə çalışır. Eyni zamanda, 1945-ci ildə Həsən müəllim Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə baş müəllim vəzifəsinə qəbul edilib və 1949-cu ilə qədər bu vəzifədə işləyib.
Həsən müəllimin böyük təşkilatçılıq qabiliyyəti, elmi idarəetmə bacarığı, yüksək intellektual səviyyəsi onun 1949-cu ildə Azərbaycan EA Botanika İnstitutunun direktoru vəzifəsinə təyin edilməsi üçün zəmin yaradır və o, 1952-ci ilə qədər bu vəzifədə çalışır.
Həsən müəllimin İkinci Dünya müharibəsində qazandığı hərbi orden və medallara 1950-ci ildə dinc dövrün daha bir mükafatı – “Şərəf nişanı” ordeni də əlavə edilir. Alimin işgüzarlığı, yorulmadan çalışması öz bəhrəsini verir və o, 1952-ci ildə respublika kənd təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP MK-nın katibi vəzifələrinə təyin edilir. Bu vəzifələrdə çalışarkən Həsən Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı, ölkədə əhalinin ərzaq məhsulları ilə təmin edilməsi, torpaqlardan daha səmərəli istifadə olunması, ətraf mühitin mühafizəsi istiqamətlərində bir sıra qərarların qəbul olunmasının təşəbbüskarı və icraçısı kimi böyük əmək sərf edir.
1952-ci ildə Həsən müəllim yenidən Azərbaycan EA sisteminə qayıdır və EA-nın akademik–katibi vəzifəsinə təyin edilməklə birbaşa akademiyanın həqiqi üzvü – akademik seçilir. Bu dövrdə, o, EA strukturunun möhkəmlənməsi, yeni elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, yeni institut və bölmələrin təşkili, respublikada təbiəti mühafizə sahəsində işlərin həyata keçirilməsi istiqamətində çox böyük işlər görür.
Təbiətin qorunması, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi daim Həsən müəllimi düşündürən problemlərdən biri və ən mühümü idi. Məhz buna görə də onun təşəbbüsü və birbaşa təşkilatçılığı ilə keçmiş SSRİ-də ilk dəfə Azərbaycan EA-da Təbiəti Mühafizə Komissiyası yaradılır. Sonradan komissiya respublikanın ən mühüm təşkilatlarından birinə - Təbiəti Mühafizə Cəmiyyətinə çevrilir.
Həsən Əliyevin elmi-tədqiqat işlərinin ən mühüm istiqamətlərindən birini yuxarıda qeyd edildiyi kimi, təbiətin qorunması, onun daha da zənginləşdirilməsi, ondan məqsədyönlü istifadə edilməsi təşkil edirdi. Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə respublikada meşələrin bərpa edilməsi, yeni meşə sahələrinin salınması istiqamətində böyük işlər görülür. Respublikamızın kənd təsərrüfatı istehsalına yararsız olan və yarımsəhra–quru çöl zonasında yerləşən dağ yamaclarında terraslar çəkilməsi, orada quraqlığa davamlı Eldar şamı, adi şam, badam, püstə ağaclarının əkilməsi də məhz onun adı ilə bağlıdır. Respublikamızın müxtəlif ərazilərində, xüsusən Siyəzən və Şabran rayonlarındakı yamaclarda əkilmiş həmin ağaclar indi meşələrə çevrilib və yamaclarda eroziya proseslərinin qarşısını almaqla yanaşı, təbiətin gözəlləşməsində də mühüm rol oynayır.
Akademikin elmi-tədqiqat yaradıcılığının əsas istiqamətlərindən birini torpaqşünaslıq təşkil edir. İlk yaradıcılığa torpaqşünaslıqdan başlayan alim 1957-ci ildə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun tərkibində meşə torpaqları laboratoriyasını yaradır. 1968-ci ildə EA Coğrafiya İnstitutuna direktor təyin edilərkən bu laboratoriyanı şöbəyə çevirərək oraya keçirir və 35 il bu şöbəyə rəhbərlik edir. 1967-ci ildə Həsən Əliyev “Böyük Qafqazın torpaqları və ondan səmərəli istifadə yolları” mövzusunda dissertasiya müdafiə edir və kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi alır.
1968-ci ildən 1987-ci ilə qədər akademik Həsən Əliyev Azərbaycan EA-nın Coğrafiya İnstitutuna direktorluq edir, coğrafiya elmini çox yüksək səviyyəyə çatdırır, milli elmi kadrların hazırlanmasına xüsusi fikir verir, bir sıra yeni istiqamətlər və şöbələr yaradır, kadr potensialını artırır, elmin təsərrüfata tətbiqinin qayğısına qalır, bu institutu respublikanın ən nüfuzlu elmi-tədqiqat institutlarından birinə çevirir. Onun institutda yaratdığı bütün müsbət ənənələr indi də davam etdirilir, elmi-tədqiqat işləri daha da inkişaf etdirilir və elmin müasir tələblərinə cavab verən yüksək səviyyəli işlər həyata keçirilir.
Bütün şüurlu həyatını elmə həsr etmiş almi keçmiş SSRİ-də, bütün müttəfiq respublikalarda, bir sıra xarici ölkələrdə yaxşı tanıyır, onun elmi mülahizələri, irəli sürdüyü yeni ideyalar məmnuniyyətlə qəbul edilirdi.
O, dünya ölkələrinə səyahət etməyi çox xoşlayar, orada filmlər və fotoşəkillər çəkərdi. Həsən müəllimin ən qiymətli xüsusiyyətlərindən biri də o idi ki, xarici ölkələrdən gələndən sonra respublikanın ali məktəblərinin coğrafiya fakültələrində görüşlər təşkil edər, tələbələrə mühazirələr oxuyar, çəkdiyi filmləri və slaydları çox böyük həvəslə nümayiş etdirərdi.
Xarici ölkələrlə yanaşı o, keçmiş SSRİ-nin tərkibində olan Aşqabad, Daşkənd, Səmərqənd, Tiflis, Sankt-Peterburq və digər şəhərlərdə keçirilmiş simpozium və konfranslarda da iştirak edir, hamının diqqətini cəlb edən müxtəlif və maraqlı məruzələrlə çıxış edirdi.
Akademik Həsən Əliyev UNESCO-nun xətti ilə Azərbaycanda çox böyük işlər aparırdı. O, bu təşkilatın ən mühüm istiqamətlərindən biri olan “İnsan və Biosfer”in Azərbaycan bölməsini yaradaraq uzun illər ona rəhbərlik edib.
Alimin yaradıcılığı meşə torpaqlarının coğrafiyasına, onların öyrənilməsinə, təkamülünə, transformasiyasına, mühafizəsinə, torpaq xəritələrinin tərtibinə, torpaq və su ehtiyatlarından səmərəli istifadəyə və s. həsr edilib. Onun qələminin məhsulu olan “Pirsaat düzünün torpaqları” (1940), “Böyük Qafqazın cənub-şərq hissəsinin düzən torpaqları” (1948), “Azərbaycan SSR-in torpaqları” (1953), “Qəhvəyi meşə torpaqları” (1965), “Azərbaycanın Kürboyu tuqay meşələri” (1975), “Böyük Qafqazın torpaqları” (I cild 1979, II cild 1994), “Meşələrin taleyi insanın əlindədir” (1983) və başqa kitabları indi də öz elmi və metodiki əhəmiyyətini saxlayır.
Həsən müəllimin elmi və ictimai yaradıcılığından danışarkən onun 1980-ci ildə çap olunmuş “Həyəcan təbili” kitabını xüsusi qeyd etmək lazımdır. Çünki bu kitab sanki Həsən müəllimin təkcə Azərbaycana deyil, bəşəriyyətə çağırışıdır. Burada alimi uzun illər düşündürən bir sıra problemlər bir daha yada salınır, gözümüzün qarşısında əldən gedən, məhv edilən, çirkləndirilən təbiətin mühafizə edilməsinin, gələcək nəsillərə ötürülməsinin vacibliyi bir daha diqqətə çatdırılır.
Akademik Həsən Əliyev getdiyi hər bir kənddə, obada böyük məhəbbətlə qarşılanıb, onu ən əziz qonaq kimi seviblər.
Həsən müəllimin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib. O zaman keçmiş SSRİ-nin ən yüksək mükafatlarından olan “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir sıra medallar akademik Həsən Əliyevin gərgin və çoxşaxəli əməyinə verilən qiymət idi. Bundan başqa, görkəmli alim Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi kimi fəxri adlara da layiq görülüb, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.
Təsadüfi deyil ki, vaxtilə Həsən müəllimlə birlikdə çalışmış insanlar indi bu üzü nurlu, xeyirxah alimi çox böyük ehtiramla xatırlayır, ona Allahdan böyük rəhmət diləyirlər. Fəxri xiyabanda Həsən müəllimin qəbirüstü abidəsini ziyarət edərkən düşünürsən ki, indicə o canlanacaq, nurlu bir təbəssümlə gülümsəyərək, Azərbaycan təbiətindən, onun mühafizəsindən danışacaq.