Çankırı Universitetinin rektoru Harun Çiftçi və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar

A- A A+

NUHÇIXAN xəbər verir ki, görüşdə NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu ifadə edib. Prorektor universitetin strukturu, mövcud ixtisaslar barədə məlumat verib. Ali təhsil ocağının beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin xüsusi rolu olduğu qeyd edilib. Çankırı Karatekin universiteti ilə aparılan ikili diplom layihələri barədə müzakirələr aparılıb. Prorektor Çankırı Karatekin Universiteti ilə əlaqələrin 2017-ci ildən başlandığını qeyd edib.

Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi Naxçıvan Dövlət Universitetində xoş qarşılanmaqdan duyduğu minnətdarlıq hissini dilə gətirib. Rektor, rəhbərlik etdiyi ali təhsil ocağında tədrisi həyata keçirilən mövcud ixtisaslar barədə məlumat verib. Bildirilib ki, ali təhsil ocağı beynəlxalq əlaqələrə verdiyi töhfələrlə Türkiyə universitetləri arasında xüsusilə seçilir. “Çankırıda Duzdağ mağarasının olduğunu nəzərə alsaq, gələcəkdə birgə əməkdaşlığa dair layihələr həyata keçirmək daha məqsədəuyğun olar”,- deyə rektor diqqətə çatdırıb.

NDU-nun Elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov birgə elmi araşdırmalar, ortaq konfranslar barədə öz fikirlərini bildirib. Universitetin Tibb fakültəsinin müəllim və tələbələrinin qardaş ölkədə yay təcrübələri keçdikləri qeyd edilib.

NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə Texnopark sahəsində əməkdaşlığa dair bir sıra məqamlara aydınlıq gətirib.

Görüşdə duzla əlaqədar birgə elmi araşdırmaların həyata keçirilməsi, Kimya, Biologiya ixtisasları sahəsində ikili diplom layihələri haqda müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, qonaqlar universitetlə tanış olublar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: