NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı "Naxçıvan" Universitetində İqtisadiyyat fakültəsinin tələbələri ilə görüş keçiriblər.
Tədbirdə çıxış edən İqtisadiyyat fakültəsinin dekanı, İqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova Naxçıvan Muxtar Respublikasının 2018-ci il üzrə "Caspian European Club"un dəstəyi ilə fəaliyyət göstərən "Caspian Energy İnternational Media Group" un hazırladığı investisiya reytinqində iqtisadi regionlar arasında yenidən ən yüksək ümumi bal toplayaraq qalib olmasından bəhs edib.
Daha sonra İqtisadiyyat Nazirliyinin "İnvestisiyaların təşviqi və ixraca dəstək" şöbəsinin müdiri Emin Zeynalov muxtar republikada əlverişli investisiya mühitinin yaradılması nəticəsində yeni-yeni layihələrin reallaşması və ixracın təşviqi ilə bağlı, Ləzzət MMC-nin direktoru Teymur Rzayev müəssisədə istehsal olunan məhsullar və onun ixrac potensialı, uğurlu fəaliyyət və qazanılmış nailiyyətlər haqqında ətraflı məlumatlar veriblər. Həmçinin İqtisadiyyat Nazirliyinin "Elmi Tədqiqat və Tədris Mərkəzinin elmi işçisi Mehbarə Məmmədovanın "Naxçıvan Muxtar Respublikası Azərbaycan üzrə investisiya reytinqinin lideridir" mövzusunda çıxışı dinlənilib.
Sonda tədbir iştirakçıları muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən vidoçarxa baxıblar.
Nuray Əsgərova