Gələn il keçiriləcək imtahanların tarixləri müəyyənləşdirilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan magistratura və rezidenturaya qəbul imtahanlarının, sınaq imtahanları və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunub.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi martın 31-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək.

Fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.

Dövlət qulluğuna qəbul üçün yeni ilin ilk imtahanları yanvarın 26-da (A növü) və fevralın 17-də (B növü) keçiriləcək. Dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir və növbəti aylarda keçiriləcək imtahan tarixləri haqqında məlumat veriləcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərardan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-lərdə məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: