Dekabrın 21-də dünya şöhrətli şərqşünas alim, görkəmli ictimai xadim, akademik Ziya Bünyadovun anadan olmasının 95 ili tamam olur.
NUHÇIXAN xəbər verir ki, AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyevanın görkəmli alimlə bağlı məqaləsini təqdim edir.
Məqalədə bildirilir ki, Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi, dünya şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri akademik Ziya Bünyadovun həyat və yaradıcılığı parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir. Z.Bünyadovun şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya, məqalə, məruzə, şərhli tərcümə) nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir. Onun bütün əsərləri ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslanır, araşdırdığı məsələlər isə daim öz yüksək peşəkarlığı və orijinallığı ilə fərqlənirdi.
Z.Bünyadov 1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. O, on altı yaşında ikən Göyçay şəhərində orta məktəbi bitirib və Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmaq üçün yaşını iki il artırıb. Hərbi məktəbi bitirdikdən sonra (1941) leytenant Z.Bünyadov Böyük Vətən müharibəsi cəbhələrində vuruşub, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə fəal iştirak edib. O, iki dəfə yaralanıb və kontuziya alıb. Hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sonra bir il Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi olan gənc zabit Z.Bünyadov şəhərin təsərrüfat və mədəni həyatının bərpasında fəal iştirak edib. Z.Bünyadov 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olur. Tələbəlik illərində görkəmli sovet ərəbşünası, professor Y.Belyayev onun müəllimi olub. Böyük şərqşünasla yaxınlıq Z.Bünyadovun sonrakı fəaliyyətində, onun ərəbşünas və mediyevist kimi formalaşmasında həlledici rol oynayıb. Z.Bünyadov 1954-cü ildə Y.Belyayevin rəhbərlik etdiyi kafedrada ilk tədqiqat işi olan “Afrikada İtaliya imperializmi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə başa çatdıraraq uğurla müdafiə edib.
Z.Bünyadov 1954-cü ildə Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə qəbul edilib. O, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin müəllimi olub. Alim 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun (Şərqşünaslıq İnstitutu o vaxt belə adlanıb – G.B) Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik edib, 1981-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləyib.
Alimin elmi yaradıcılığı iki istiqamətdə inkişaf edib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.
Z.Bünyadov 1964-cü ildə tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda dissertasiya müdafiə edib və 1965-ci ildə Ali Attestasiya Komissiyası ona professor adı verib.1965-ci ildə çap olunan “Azərbaycan VII-IX əsrlərdə” kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. Bu, Azərbaycan tarixinin ərəb xilafəti dövrünə dair sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi. Burada geniş şəkildə tədqiqata cəlb olunan ərəb, fars, türk, erməni, gürcü mənbələrinin, o vaxtadək məlum olmayan və çətin əldə edilən yazılı abidələrin dərin tədqiqi və təhlili sayəsində ərəb işğalı ərəfəsində və xilafət dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunub, Azərbaycanın orta əsrlər tarixinə dair bir sıra mühüm problemlər ətraflı şəkildə araşdırılaraq öz həllini tapıb. Əsərdə xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilib, Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılıb.
Z.Bünyadov 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1970-ci ildə “Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. İctimai elmlər seriyası (tarix, fəlsəfə və hüquq seriyası)” jurnalının baş redaktoru təyin olunub.
1978-ci ildə “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyasını nəşr etdirib. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuqlar dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılıb. Kitabda Azərbaycanın o dövrdəki siyasi tarixi məsələləri ilə yanaşı, XII əsrin ikinci yarısı – XIII əsrin birinci rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduğu dövlətlərin, o cümlədən Azərbaycan Eldəniz Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilib. Əsərdə, həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli və ilk dəfə elmi dövriyyəyə daxil edilmiş materiallar yerləşdirilib. Z.Bünyadov monoqrafiyasında Azərbaycanın və qonşu ölkələrin orta əsr tarixinə dair bir sıra problemlərin gələcək həlli, kifayət qədər öyrənilməmiş məsələlərin tədqiqi üçün böyük əhəmiyyət daşıyan əsaslı elmi nəticələr əldə edib, bununla da feodalizm dövrü tarixinin başlıca problemlərinin, Şərqdə feodalizmin inkişafının ümumi qanunauyğunluqları və fərdi xüsusiyyətləri kimi mühüm nəzəri məsələlərin həllinə böyük töhfə verib.
Görkəmli alimin “Azərbaycan Atabəylər dövləti” əsəri ölkəmizin və qonşu ölkələrin tarixinin çox az öyrənilən dövrünün araşdırılmasında mühüm mərhələ olduğuna görə elmi ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilib. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb.
1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən akademik elə həmin ildə türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilib.1986-cı ilin yanvarından 1988-ci ilin mayınadək Z.Bünyadov Şərqşünaslıq İnstitutunun şərqin orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində işləyib.1986-cı ildə Moskvada “Nauka” nəşriyyatı tərəfindən alimin “Xarəzmşahlar-Anuştəginlər dövləti 1097-1231-ci illər” monoqrafiyası nəşr olunub.
1988-ci ilin mayında Z.Bünyadov Aral dənizinin xilasetmə komitəsinin tərkibinə daxil edilib. Həmin ildə Urgənc (Xarəzm) şəhərinin 340 illiyinin bayram edilməsi ilə əlaqədar olaraq şəhərin tarixi və ədəbiyyatının öyrənilməsi sahəsində xidmətlərinə və Aral dənizinin ekoloji probleminin həll edilməsinə böyük kömək göstərdiyinə görə Z.Bünyadova yeni təsis olunmuş “Urgənc şəhərinin fəxri vətəndaşı” adı verilib.
Z.Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək Şərqşünaslıq İnstitutunun direktoru olub. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.
Ziya müəllimin elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmayıb. Alimi Vətənin yaxın keçmişi də maraqlandırıb. O, əsrin əvvəlində Azərbaycanda baş verən hadisələrə, Bakı kommunasına və digər mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında (Bakı, 1993) işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb.
Ötən əsrin 90-cı illərin əvvəllərindən başlayaraq Ziya müəllimin elmi fəaliyyətinin bir istiqaməti də xalq tərəfindən İslam dininin doğru-dürüst öyrənilməsinə yönəldilib. O, akademik V.Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirib, ona şərhlər yazıb. Sonra “Dinlər, təriqətlər, məzhəblər” adlı irihəcmli soraq kitabı hazırlayıb. Kitab alimin vəfatından sonra 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində işıq üzü görüb.
Alim 1990-cı ildə “Qurani-Kərim”in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun ”Gülüstani-İrəm” əsərinin şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülüb.
Bir çox beynəlxalq elmi məclislərin iştirakçısı olan akademik Z.Bünyadov Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunan beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunan beynəlxalq konfransda sanballı məruzələrlə çıxış edib.
İnstitut direktoru kimi Ziya müəllim böyük elmi-təşkilati işlər aparıb. O, Azərbaycan şərqşünaslıq elminin tərəqqisi, institutumuzun keçmiş Sovet İttifaqının digər şərqşünaslıq institutları və xarici ölkələrin şərqşünaslıq mərkəzləri ilə elmi əlaqələrinin möhkəmlənməsi və genişlənməsi üçün qüvvə və bacarığını əsirgəməyib.
Akademik Z.Bünyadov Şərqşünaslıq İnstitutunun rəhbəri kimi Yaxın və Orta Şərq ölkələri probleminə həsr olunan bir sıra beynəlxalq və regional elmi konfransların təşkilatçısı olub. 1992-ci ildə - Azərbaycanın ən çətin dövründə Z.Bünyadov özünün siyasi seçimini edir. Onu Yeni Azərbaycan Partiyasına sədr müavini seçirlər. 1993-cü ildə “Astaranın fəxri vətəndaşı”, 1994-cü ildə isə “Göyçayın fəxri vətəndaşı” adına layiq görülüb. 1995-ci il noyabrın 12-də Z.Bünyadov Milli Məclisin deputatı seçilib. Akademikin Vətən qarşısında xidmətləri həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, keçmiş SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib.
1997-ci il fevralın 21-də akademik Ziya Musa oğlu Bünyadovun həyatına faciəli şəkildə son qoyulub. O, öz evinin astanasında vəhşicəsinə qətlə yetirilib.
Həmin gündən bizləri iyirmi bir il zaman kəsiyi ayırır. Bu vaxt ərzində Ziya müəllimin elmi irsi, həyatı və işıqlı şəxsiyyəti haqda bir çox fikirlər söylənilib, məqalələr yazılıb. Onların hamısının fövqündə, əlbəttə ki, akademik Z.Bünyadovla vida mərasimində ulu öndər Heydər Əliyevin söylədiyi nitq durur: “Ermənistanın millətçi və separatçı qüvvələri tərəfindən Qafqaz tarixinə aid, o cümlədən Ermənistan-Azərbaycan tarixinə aid cürbəcür və tariximizi təhrif edən, saxtalaşdıran, Ermənistanda meydana çıxmış müxtəlif yazıların, məqalələrin əleyhinə ilk dəfə səsini qaldıran və onlara əsaslı, dəlilli və tarixi mənbələrə istinadla cavab verən, onların qarşısını alan alim Ziya Bünyadov idi. O vaxtlar Sovet İttifaqı mətbuatında, Ermənistan mətbuatında, onların kitablarında, elmi yazılarında, Azərbaycan və Moskva mətbuatındakı məqalələrdə gedən mübahisələr çoxlarının yadındadır. Hər tərəfdən dəstə ilə alimlər, yaxud da alim adı daşıyan cürbəcür adamlar Azərbaycan tarixinə o vaxtlar təcavüz edirdilərsə, bu tərəfdən Ziya Bünyadov, yenə də deyirəm, öz iradəsi, biliyi ilə, elmi əsərləri ilə onlara layiqli cavab verirdi və Azərbaycan tarixinin doğru-düzgün olduğunu dünyaya sübut edirdi və onu qoruyurdu. Buna görə də erməni millətçiləri, erməni separatçıları və ümumiyyətlə, Azərbaycana mənfi münasibət göstərən cürbəcür xarici qüvvələr Ziya Bünyadovu özlərinə düşmən kimi qəbul edirdilər.”
Bu da Ulu Öndərin sözləridir: “Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir”.
1998-ci ildə Z.Bünyadov vəfatından sonra Azərbaycanın ən yüksək mükafatı – “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.
Görkəmli alimin zəngin biliyi, geniş dünyagörüşü, hədsiz zəhmətsevərliyi və böyük tədqiqatçı istedadı onun qələminə məxsus hər bir əsərdə özünü büruzə verir.
Alimin saysız-hesabsız məqalələrindən hər biri, onun istər orta əsr yaşayış məntəqələrinin müəyyən edilməsinə və geneoloji cədvəllərin dəqiqləşdirilməsinə, istərsə də Azərbaycanın xilafət dövrü mərhələsinin və qonşu ölkələrlə əlaqələrinin öyrənilməsinə, və ya bütün orta əsrlər müsəlman dünyasının siyasi, sosial-iqtisadi və mədəni tarixinə həsr olunmuş hər bir tədqiqat əsəri və ya tibb, astronomiya, seysmologiya və s. sahələrə aid orta əsr qaynaqlarından əxz edilmiş məlumatların şərhinə, yeni məxəzlərin üzə çıxarılması və əldə olunmuş məlumatların elmi dövriyyəyə daxil edilməsinə yönəldilmiş tədqiqat işi gərgin axtarışların, tükənməz səbr və əməyin nəticəsidir. Bütün bunlar akademikin dərin düşüncə tərzinin, işıqlı zəkasına, dəqiq və mükəmməl təhlil metodunun, incə və sərraf tədqiqatçı məharətinin göstəriciləridir.
Ziya müəllim ixtisaslı şərqşünas kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, Azərbaycanda mediyevist tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri olub, İraq və Suriya üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. Akademik 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olub.
Z.Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayıb. O, orta əsrlər Şərqi, ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, elmi ictimaiyyətin və geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. İllər ötəcək, Azərbaycan xalqının böyük oğlu, ölkəmizin cəfakeş vətəndaşı Ziya Bünyadovun əziz xatirəsi qədirbilən xalqımızın, gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq.