Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, son günlər müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində şagirdlərin hazırlıq kurslarına sınaq imtahanları üçün şagirdlərin məcburi cəlb olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Məlumat üçün bildiririk ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hər hansı bir hazırlıq kursu və ya repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərlə sınaq imtahanlarının keçirilməsi ilə bağlı əməkdaşlığı yoxdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin sınaq imtahanlarına məcburi cəlbi ilə bağlı təhsil müəssisələrinə tapşırıq verilməyib.
Sosial şəbəkələrdə yayılan məlumatlar həmin yazılarda adı çəkilən hazırlıq kursunun rəhbəri tərəfindən təkzib edilib, məlumatın yalan olduğu bildirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi olaraq valideynləri bir daha məlumatlandırırıq ki, övladlarınızın sınaq imtahanlarında iştirak edib və ya etməməklə bağlı qərarı yalnız sizə məxsusdur.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yalnız Dövlət İmtahan Mərkəzinin buraxılış sınaq imtahanın keçiriləcəyi ilə bağlı məlumatını rəsmi instaqram səhifəsində paylaşıb.
Əlavə olaraq bildiririk ki, 16 dekabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənlərindən olmaqla Fənn müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə muxtar respublikanın ümumi təhsil müəssisələrinin 16000-ə yaxın 8-9-10-11-ci sinif şagirdləri ödənişsiz olaraq iştirak etmişdir. Müsabiqə qalibləri 2023-cü ilin tədris yekunlarına həsr edilmiş tədbirdə mükafatlandırılmışdır.
Hörmətli media qurumları!
Hər hansı fakta söykənməyən, rəsmi təsdiqini tapmayan dəqiqləşməmiş məlumatların media qurumlarında paylaşılması peşəkar jurnalistika anlayışına ziddir. Media nümayəndələrinə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə bağlı məlumat paylaşarkən media üzrə məsul əməkdaşımız vasitəsilə məlumatı dəqiqləşdirməyi tövsiyə edirik.
Dəqiqləşdirilməmiş məlumatların yayımlanması hüquqi müstəvidə tədbirlərin görülməsinə gətirib çıxara bilər.