Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2 Fevral – Azərbaycan Gəncləri Günü muxtar respublikamızda ənənəvi və geniş şəkildə qeyd edilir, bu münasibətlə müxtəlif tədbirlər təşkil olunur, muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclər mükafatlandırılırlar. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və aid təşkilatlarla birgə yanvarın 29-da start verilən "Gənclər həftəsi" bu gün Naxçıvan şəhərində keçirilən mükafatlandırma mərasimi ilə başa çatıb.
Gənclər Mərkəzində təşkil olunan tədbirdə rəsmilər, müxtəlif təşkilatlarda və müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər, könüllülər, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimin əvvəlində ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev Azərbaycanda gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin gənc nəsilə olan hərtərəfli qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə qazanılan böyük uğurlardan, xüsusən də, şanlı zəfərlər və siyasi iradə sayəsində ərazi bütövlüyümüzün bərpasında gənclərin rolundan bəhs edib, əlamətdar gün münasibətilə gəncləri təbrik edərək onlara uğurlar arzulayıblar. Məcid Seyidov əlavə edib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" vasitəsilə gənclərin hərtərəfli inkişafı istiqamətində önəmli addımların atılması nəzərdə tutulur. Dövlət Proqramı gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinə cəlbi, ideoloji hazırlığı, şəxsi inkişafı, intellektual və yaradıcı potensialının, o cümlədən təhsil imkanlarının artması konteksində gənc nəsil üçün mühüm gözləntilər vəd edir. Bu da gənclərimiz üçün əlavə imkanlar yaradacaq, əlverişli mühitin yaranmasına səbəb olacaqdır".
Şuşanın, Füzulinin, Xocavəndin azad olunmasına, "Şücaətə görə", "Döyüşdə fərqlənməyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuş Təvəkkül Qəhrəmanlı gənclərimizi təbrik edib, onları bundan sonra da qəhrəmanlarımızın mirasını layiqincə yaşadan, şəhidlərimizi unutmayan, Vətəninə, xalqına bağlı gənclər kimi görmək istədiyini ifadə edib. Fəal gənc Əli Ələkbərli öz fəaliyyəti barədə danışıb, gənclər üçün yaradılan imkanlara görə dövlətimizə minnətdarlıq edib.
Nazirliyin dəstəyi ilə Naxçıvan Televiziyası tərəfindən hazırlanmış Gənclər Gününə aid videoçarx nümayiş etdirilib. Müxtəlif sahələrdə fərqlənən istedadlı yeniyetmə və gənclər, eləcə də gənclərlə iş sahəsində səmərəli fəaliyyəti olanlar təşkilatçılar tərəfindən diplomla təltif edilib. Gənclər səmimi atmosfer, maraqlı anlarla yadda qalan tədbiri furşet ətrafında izləyib, gənc musiqi qruplarının ifasında rəngarəng ifalara şahidlik ediblər.