Ölkə birinciliyində iştirak edəcək güləşçilər bəlli olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yeniyetmələr arasında (2009-2011-ci illər) Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika turniri keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışa şəhər və rayonlardan 85 idmançı qatılıb. 10 çəki dərəcəsində mübarizə aparan güləşçilər arasından qaliblər müəyyənləşib və onlar Azərbaycan birinciliyində iştirak hüququ qazanıblar.
Azərbaycan Güləş Federasiyasının (AGF) dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Güləş Federasiyası tərəfindən təşkil olunan yarışın ölkə birinciliyinə hazırlıq və seçim xarakteri daşıyıb.
AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Naxçıvana gələn l-S olimpiya kateqoriyalı hakim Sədi Quliyev və Rəşad Əbdülov yerli ədalət təmsilçiləri ilə birgə görüşlərdə hakimlik edib, eyni zamanda nəzarət funksiyası icra ediblər.
İlk üç yerin sahiblərinə diplom və medallar verilib. Mükafatları NGF-nin sədri Faiq İsgəndərov, nazirliyin şöbə müdiri Taleh İbrahimov və Qərib Əliyev təqdim ediblər.
Nəticələrə gəlincə, Elxan Muradov (38 kq), Ramik Məmmədzadə (41 kq), Fuad Rzayev (44 kq), Polad Əhmədov (48 kq), Tuqay Qəhrəmanlı (52 kq), Nihat Əhmədli (57 kq), Hüseyn Rəcəbli (62 kq), Arif Cabbarov (69 kq), Şulan Bayramov (75 kq) və Ülvi Yusifov (85 kq) müvafiq yaş qrupu və çəki dərəcələri üzrə birinci olublar. Adıçəkilənlər və bir neçə istedadlı idmançıya Azərbaycan birinciliyində iştirak etmək hüququ verilib.