Naxçıvan Voleybol Federasiyasının yekun iclası keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Voleybol Federasiyasının 2023-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Voleybol Federasiyasının nümayəndələri, Azərbaycan seçmə komandasının baş məşqçisi Şahin Çatma, muxtar respublikada fəaliyyət göstərən məşqçi-müəllimlər, idmançılar və valideynlər iştirak edib.
Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev voleybolun inkişafı istiqamətində görülən işlərdən və cari ildə qarşıda duran vəzifələrdən danışıb. Vurğulanıb ki, Azərbaycanda, eyni zamanda muxtar respublikada göstərilən dövlət qayğısı sayəsində voleybol idman sahəsi inkişaf dövrünü yaşayır.
Federasiyanın Baş katibi Rahil Tahirli çıxış edərək bildirib ki, federasiya 2023-cü ilin sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikasında voleybol idman növünün inkişafı ilə bağlı bir çox işlərə imza atıb. Mütəmadi olaraq şəhər və rayonlarda məşqçi-müəllimlərlə, idmançılarla görüşlər keçirilib, məşq zallarının vəziyyəti öyrənilib, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün istiqamətlər müəyyənləşdirilib. “Naxçıvan Voleybol Federasiyası” İctimai Birliyinin “2023-2028-ci illər üçün İnkişaf Strategiyası”nın layihəsi hazırlanıb və təsdiq edilib. İnkişaf strategiyasında federasiyanın dəyərləri, strateji baxışı, missiya və hədəfləri müəyyən olunub. Həmçinin yeni dönəmdə federasiya tərəfindən muxtar respublikada voleybol idman növünün inkişafı naminə sponsorların cəlb edilməsi və ianələrin toplanılması istiqamətində də işlər görülüb, müqavilələr bağlanıb, gəlir və xərclərin hesabatlılığı təmin edilib.
Qeyd edilib ki, federasiya tərəfindən yeniyetmə oğlanlar, qızlar və kişilər arasında “Heydər Əliyev İli”, “Həmrəylik Kuboku” uğrunda muxtar respublika birincilikləri keçirilib.
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov son zamanlar muxtar respublikada voleybol idman sahəsinin inkişaf yolundan danışıb.
Yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan seçmə komandasının Baş məşqçisi Şahin Çatma və Naxçıvan Voleybol Federasiyasının Baş məşqçisi Səməd Əkbəri gələcək planlardan danışıb, görüşdə iştirak edən məşqçilərə və idmançılara tövsiyələrini veriblər.
Tədbirdə voleybol federasiyası ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonra federasiya ilə səmərəli əməkdaşlığa görə 2 nəfər təltif edilib.
Qeyd edək ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan seçmə komandasının baş məşqçisi Şahin Çatmanın iştirakı ilə “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi təşkil edilib. Düşərgə sabah da davam edəcək.