Argentina millisinin sabiq futbolçusu Serxio Aquero karyerasını bir neçə oyunluq bərpa edə bilər.
NUHÇIXAN-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, 35 yaşlı hücumçu ölkəsinin “İndependyente” klubunun formasını geyinməyə hazırlaşır.
Forvard canlı yayım zamanı kardioloqdan futbol oynamağa hazır olub-olmadığını soruşub. Cavab müsbət olduğundan, Aquero “İndependyente”nin bir neçə yoldaşlıq görüşündə komandanın formasını geyinmək təklifinə isti yanaşır.
Qeyd edək ki, “İndependyente”nin yetirməsi olan Serxio Aquero 2003-2006-cı illərdə əsas komandanın formasını geyinib. O, 2021-ci ildə ürəyində yaranan problem səbəbindən karyerasını başa vurub.