Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr və ilin yekunu ilə bağlı yığıncaq olub.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək deyib ki, 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib, qarşıya mühüm vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası da fəaliyyətini müşavirədə verilən tapşırıqların icrası istiqamətində qurur. Hazırda federasiyanın tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə qruplar fəaliyyət göstərir. Naxçıvan şəhərində, Şərur və Şahbuz rayonlarında yaradılmış bölmələrdə, ümumilikdə, 103 qrupda 1399 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir. Ötən müddətdə federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülüb. Belə ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən sərbəst güləş, yunan-Roma, cüdo və sambo idman növləri üzrə muxtar respublika, şəhər və rayon birincilikləri və çempionatları təşkil olunub. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilib. Federasiya idmançılarının ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə, 23 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyində və İran İslam Respublikasının Miyanduab şəhərində keçirilən beynəlxalq turnirdə, gənclər arasında cüdo idman növü üzrə Azərbaycan birinciliyində, Bakı şəhərində sərbəst güləş üzrə paytaxt birinciliyində, Türkiyə Respublikasının Samsun şəhərində və İran İslam Respublikasında cüdo üzrə təlim-məşq toplantısında və beynəlxalq turnirlərdə iştirakları təmin olunub. Ümumilikdə, 2018-ci ildə güləş idman növləri üzrə idmançılar 5 beynəlxalq, 7 ölkə və 2 muxtar respublika birinciliklərində, milli və dövlət bayramları ilə əlaqədar 20 daxili birincilikdə iştirak ediblər. Azərbaycan birinciliklərində 9, beynəlxalq turnirlərdə 7-si birinci yer olmaqla, 31 medal qazanıblar.
Qeyd olunub ki, 2018-ci ilin mart, sentyabr və noyabr aylarında Azərbaycan Cüdo Federasiyasının tanınmış məşqçi-müəllimləri muxtar respublikaya dəvət edilib, Naxçıvan Muxtar Respublikasının məşqçi-müəllim və idmançılarına seminar-treninqlər keçirilib. Federasiyanın məşqçi-müəllim və idmançıları muxtar respublikada keçirilən tədbirlərdə yaxından iştirak edib, qrafikə uyğun olaraq muxtar respublikadakı muzeylərə gəzintiləri, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzində yay məktəbi təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə nazirliyə və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq 2019-cu ildə bir sıra tədbirlər həyata keçiriləcək, idmanın kütləviliyinə nail olunacaq, ölkə səviyyəli və beynəlxalq yarışlarda muxtar respublika idmançılarının iştirakı təmin ediləcək.
Bildirilib ki, 2018-ci ildə nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsində 330 tədbir keçirib. Bunlardan 3-ü beynəlxalq, 55-i muxtar respublika, 220-si isə rayon, şəhər miqyaslı tədbirlər, yoldaşlıq görüşləri olub. Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 105, beynəlxalq miqyaslı turnirlərdə 84, dünya səviyyəli yarışlarda 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 1 medal olmaqla, ümumilikdə, 195 medal qazanıblar. İdmanın ən qədim növlərindən biri sayılan güləş idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2018-ci ildə görülən işlər barədə məlumat verib.
Güləş Federasiyasının məşqçi-müəllimi Seymur Məmmədov və idmançı Hüseyn Əhmədli çıxış edərək bildiriblər ki, muxtar respublikada idmanın bütün növləri kimi, güləş idman növü də öz inkişaf dövrünü yaşayır. Son illərdə bu idman növünə gənclərin, xüsusən də azyaşlı uşaqların marağı artmaqdadır. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada istifadəyə verilən uşaq-gənclər idman məktəbləri, idman obyektləri bu sahədə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hazırda muxtar respublikada beynəlxalq və ölkəmiqyaslı idman yarışlarının, genişmiqyaslı təlim-məşq toplantılarının keçirilməsi üçün hərtərəfli şərait var. Bu da qazanılan idman nəticələrinə öz müsbət təsirini göstərir. Muxtar respublikanın şəhər və rayonlarında güləş bölmələrinin fəaliyyətinin təmin olunması bu idman növünə göstərilən diqqət və qayğının təzahürüdür. Çıxış edənlər göstərilən diqqətə, yaradılan yüksək şəraitə görə federasiyada fəaliyyət göstərən məşqçi-müəllim və idmançılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.
İl ərzində uğur qazanan cüdo üzrə məşqçi Orxan Quliyev, güləş üzrə məşqçilər Ayaz Bağırov və Cavid Salmanlı, cüdo üzrə uğur qazanan idmançılar Abbas Məmmədov, Fuad Əşrəfli, güləş üzrə uğur qazanan idmançılar Hüseyn Əhmədli və Xəzər Abdullayev mükafatlandırılıblar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə iş planı və keçiriləcək idman tədbirlərin qrafiki təsdiq olunub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov bildirib ki, federasiya yaradılan şəraitdən səmərəli istifadə edərək dövlət idman siyasəti sahəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2019-cu ildə də uğurla icra etməyə çalışacaq.