Naxçıvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə şahmat üzrə tempo turniri keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Şahmat Mərkəzində reallaşan yarışa muxtar respublikada şahmatla məşğul olan müxtəlif yaş qruplarına mənsub 83 nəfər qələbə uğrunda mübarizə aparıb. Turnir 9 turdan ibarət olub.
Yekun sıralamada ilk beş yerin sahibləri, 8,10,12,14 yaş qruplarının qalibləri, "Veteran" və "Ən yaxşı qadın şahmatçı" nominasiyalarının qaliblərinə pul mükafatı təqdim olunub.
Nəticələrə əsasən turnirin qalibi Çingiz Məmmədov olub. Hüseyn Həsənov və Mirsaleh Seyidli müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar. Ramal Həsənov, Lətif Muradlı, Yasin Əzimov və Amin Mirzəzadə yaş qrupları üzrə birinci olublar. Adil Sevdımalıyev "Veteran şahmatçı", Nəsrin Babayeva isə "Ən yaxşı qadın şahmatçı" nominasiyaları üzrə mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Şahmat Federasiyası tərəfindən birgə təşkil olunan yarışın məqsədi şahmatçıların asudə vaxtını səmərəli təşkil etmək, onların oyun təcrübəsini artırmaqdan ibarət olub.