“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür.
NUHÇIXAN-ın məlumatına görə, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Bakıya iddialı yollanacaqlarını bildirib: “Qarabağ”ın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar çıxış etdilər”.
O, bir müddət əvvəl “Bayer 04”ün düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib: “Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir”.
Çalışdırıcı argentinalı yarımmüdafiəçi Ezekyel Palasiosun matça hazır olduğunu əlavə edib: “Sabahkı oyunda da start heyətində çıxış etmək iqtidarındadır. Ondan gözləntimiz yaxşı oynamaq, komandaya kömək etməkdir. Bütün futbolçulardan istəyim budur”.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.