Rusiya və Belarus idmançıları Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış və bağlanış mərasiminə buraxılmayacaqlar.
NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“İdmançılar fərdi və neytral formada iştirak edəcəklərindən, avqustun 28-də keçiriləcək açılış mərasimində yürüş etməyəcək və sentyabrın 8-də baş tutacaq bağlanış zamanı bayraqdarları olmayacaq”, - deyə məlumatda bildirilib.
Rusiya və Belarus idmançıları paralimpiadada yalnız neytral statusda iştirak edə bilərlər. Onlar fəxri kürsüyə qalxsalar belə, bu, ümumi medal sıralamasında nəzərə alınmayacaq. Neytral idmançı çempion olsa, mükafatlandırma mərasimi zamanı paralimpiya himni səsləndiriləcək.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransada təşkil olunacaq.