Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun növbəti oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, günün ilk qarşılaşmasında "Turan Tovuz" doğma meydanda lider "Qarabağ"ı qəbul edib.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Otto Con 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Ağdam klubunda isə 56-cı dəqiqədə Nəriman Axundzadə, 73-cü dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb. 90+4-cü dəqiqədə isə Toral Bayramov penaltidən fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 66-ya çatdıran "köhlən atlar" liderliyini daha da möhkəmlədib. Tovuz təmsilçisi isə 35 xalla yeddinci pillədə qərarlaşıb.
Tura “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. Qarşılaşma bu gün saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (3:0), “Zirə” “Kəpəz”i (2:1) məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçı heç-heçə (1:1) başa çatıb.