Güləş üzrə Azərbaycan yığmaları aprelin 5-7-də keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı Bakıda davam etdirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından (AGF) bildiriblər ki, sərbəst güləş üzrə milli komanda martın 17-dən təlim-məşq toplanışına başlayıb.
Türkmənistan, Macarıstan və İspaniya yığmaları ilə yanaşı, İtaliya, Estoniya və Bolqarıstandan bir neçə güləşçi də AGF-nin təlim-məşq bazasında keçirilən hazırlıq prosesinə qatılıb.
Qadın güləşçilərimiz də həmin tarixdən etibarən sonuncu toplanışa start verib. Yaxın günlərdə Rusiya və Rumıniya kimi güclü millilərin də komandamızla birgə hazırlıq prosesində iştirakı gözlənilir.
Yunan-Roma güləşi üzrə yığma isə martın 22-də eyni məkanda toplanışa başlayacaq. Almaniya, Serbiya və İspaniyanın da müvafiq komandalarının paytaxtımıza təşrif buyuracaq. Birgə toplanışa İtaliya və ABŞ-dan bir neçə güləşçinin qatılması da planlaşdırılır.
Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirinin proqramına əsasən, aprelin 5-də yunan-Roma güləşi, aprelin 6-da qadın güləşi, aprelin 7-də isə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Yarışın biletlərini iticket.az saytından və “İticket”in satış nöqtələrindən almaq mümkündür.