Karate-do Federasiyasında ötən ilin yekunları müzakirə edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Yığıncaqda çıxış edən federasiyanın sədri Fazil Ələkbərov qeyd edib ki, muxtar respublikada müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 12 idman federasiyasının hər birinə hərtərəfli dövlət qayğısı göstərilərək, işlərini yüksək səviyyədə qurmaları üçün tam şərait yaradılıb. Karate-do federasiyası bu qayğıdan bəhrələnərək 2018-ci ildə də işini günün tələbləri səviyyəsində qurmağa çalışıb. Karate-do federasiyasının tərkibində hazırda 14 məşqçinin rəhbərliyi altında, 3 klub və 21 karate bölməsi fəaliyyət göstərir. Həmin klublardan 2016-cı ilin əvvəlində yaradılan “Nəqşicahan karate-do qızlar idman klubu”nun fəaliyyəti 2018-ci ildə daha da genişləndirilərək Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında əlavə bölmələri açılıb. 2018-ci ildə keçirilən beynəlxalq turnirlərdə qazanılan 2 qızıl, 1 gümüş və 3 bürünc medal qız idmançıların payına düşüb. Bu gün muxtar respublikada karate idman növü ilə məşğul olan 600 nəfərədək uşaq, yeniyetmə və gənclərdən 100 nəfərini qız idmançılar təşkil edir.
Federasiya ötən il ərzində Karate-do idman növünün inkişaf etdirilməsi və kütləviliyə nail olunması istiqamətində bir sıra işlər görüb. Belə ki, 2018-ci ildə Karate-do Federasiyası tərəfindən muxtar respublikada müxtəlif birinciliklər təşkil olunub və bu yarışlarda yaxşı nəticə göstərən istedadlı idmançılar seçilərək yığma komandanın tərkibinə daxil edilib. Həmçinin idmançıların ölkə səviyyəli və beynəlxalq turnirlərdə iştirakı təmin edilib.
Qeyd edilib ki, ümumilikdə, 2018-ci ildə karate-do idman növü üzrə idmançılar 13 beynəlxalq, 7 ölkə və 10 muxtar respublika birinciliklərində qüvvələrini sınayıblar. 2018-ci il ərzində federasiyanın idmançıları 87 medal qazanıb ki, onlardan 35-i beynəlxalq, 5-i ölkədaxili yarışlarda, 47-si isə muxtar respublikada keçirilən açıq çempionatda əldə olunub. Bundan əlavə avqust ayında Azərbaycan Karate-do Federasiyasının tanınmış məşqçi və müəllimləri muxtar respublikaya dəvət olunaraq, məşqçi-müəllim və idmançılar üçün seminar-treninqlər keçirilib.
Fazil Ələkbərov rayonlarda federasiyanın bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirlərini dinləyib və müvafiq tapşırıqlar verib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, son iki ildə Naxçıvan karateçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdə ötən illərlə müqayisədə daha uğurlu nəticələr əldə edib, 2018-ci il ərzində ölkə və beynəlxalq səviyyəli yarışlarda 40 medal qazanıblar.
Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə ətraflı məlumat verib.
Sonda federasiyanın sədri Fazil Ələkbərov ötən il ölkə vəbeynəlxalq miqyaslı yarışlarda medal qazanan 10 idmançıya qiymətli hədiyyələr təqdim edib.
İclas 2019-cu ildə görüləcək işlərin müzakirəsi ilə yekunlaşıb.
Elvin Quliyev