İspaniya La Liqası: “Barselona” qələbə qazanıb, “Real Madrid” isə məğlub olub - FOTOLAR

A- A A+

İspaniya La Liqasının 18-ci turun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun gözlənilməz hesabı Madriddə yerləşən "Santiaqo Bernabeo" stadionunda qeydə alınıb. Həmin görüşdə "Real Sosyedad" "Real Madrid" klubunun qonağı olub. Oyunda hesabı erkən qolla qonaqlar açıb. Cərimə meydançasında Kazimironun qayda pozuntusuna görə hakim "kral" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Viliam Xose fürsəti əldən verməyib - 0:1. Qoldan sonra hücumların kəsərini artıran Madrid təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, birinci hissədə hesab dəyişilməyib.

Gərgin idman şəraitində keçən görüşün ikinci hissəsinin 61-ci dəqiqəsində "Real Madrid"in hücumçusu Lukas Vaskes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Azlıqda qalan meydan sahibləri oyunun 83-cü dəqiqəsində qapısında ikinci dəfə qol görüb. Vilyam Xosenin ötürməsini Ruben Pardo dəqiq zərbə ilə tamamlayıb - 0:2. Bu da oyunda son qol olub. Beləliklə, "Real Madrid" cari mövsümdə altıncı məğlubiyyətini qazanıb.

Madrid təmsilçisinin əsas rəqibi sayılan turnir cədvəlinin hazırkı lideri "Barselona" səfərdə 7-ci yerdə qərarlaşan "Xetafe" komandasının qonağı olub. Görüş kataloniyalıların 1:2 hesablı qələbəsi ilə başa çatıb. "Barselona" klubunun heyətində Lionel Messi (20) və Luis Suares (39) fərqlənib. Meydan sahiblərinin isə yeganə qoluna Jaime Mata (43) imza atıb.

Turun mərkəzi qarşılaşması isə "Ramos Sançes Pizjuan" stadionunda oynanılıb. Cari mövsüm yaxşı oyunu ilə diqqət çəkən "Sevilya" doğma meydanda "Atletiko Madrid" klubu ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib (1:1).

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Levante" - "Jirona" - 2:2;

"Espanyol" - "Leganes" - 1:0;

"Real Vallyadolid" - "Rayo Vallekano" - 0:1;

"Deportivo Alaves" - "Valensiya" - 2:1;

"Hueska" - "Real Betis" - 2:1;

"Eybar" - "Villyareal" - 0:0.

Qeyd edək ki, tura yanvarın 8-də baş tutacaq "Selta" - "Atletik Bilbao" oyunu ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: