I Liqa klublarının Azərbaycan Premyer Liqasında iştirakla bağlı lisenziyalaşdırma prosesindəki son durumu bəlli olub.
Bu barədə NUHÇIXAN-a AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov açıqlama verib.
"Bir neçə klub prosesi davam etdirir. Hələlik adlarını açıqlaya bilmərik. Çünki oyunlara təsir edə bilər. Daha sonra ictimaiyyətə bu barədə məlumat veriləcək", - deyə milli assosiasiya rəsmisi vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümü 10 komandanın iştirakı ilə keçiriləcəksə, bu zaman 2023/2024 mövsümünün nəticələrinə uyğun olaraq çempionatda sonuncu yeri tutan və ya lisenziya şərtlərinə cavab verməyən 1 komanda I Liqaya düşəcək. I Liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək yeri tutan 1 komanda Premyer Liqaya vəsiqə qazanacaq. 2024/2025 mövsümü AFFA İcraiyyə Komitəsinin qərarı ilə 12 komandanın iştirakı ilə keçiriləcəksə, bu zaman 2023/24 mövsümündə Premyer Liqada sonuncu yeri tutan və ya lisenziya şərtlərini yerinə yetirməyən 1 komanda I Liqaya düşəcək, I Liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək 3 yeri tutan komanda Premyer Liqaya vəsiqə qazanacaq. Premyer Liqaya yüksələcək və Premyer Liqanı tərk edəcək komandaların sayı AFFA İcraiyyə Komitəsinin qərarı ilə dəyişdirilə bilər.