NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib.
Kollegiyada nazir Azad Cabbarov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 2018-ci il ərzində öz işini təsdiq olunmuş İş Planına və Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən qurub. Ötən dövr ərzində nazirlik 585 tədbir icra edib ki, bunlardan 255-i gənclərlə iş, 330-u isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib.
Bildirilib ki, Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilib, gənclər arasında intellektual yarışlar, müsabiqələr təşkil olunub, Naxçıvan şəhəri ətrafında və muxtar respublikanın rayonlarında Gənclər bağları salınıb. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar gənclərin muxtar respublika ərazisində yerləşən bir sıra tarixi, mədəni, dini abidə və komplekslərə ekskursiyaları təşkil olunub, müxtəlif kənd mərkəzlərində “Naxçıvan tarixi və İslam mədəniyyəti” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Həmçinin muxtar respublika gənclərinin VIII konfransı keçirilib, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə yeni www.naxgin.az saytı yaradılıb.
Nazir vurğulayıb ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılıb və bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Kəngərli və Culfa rayon Mərkəzi Stadionları əsaslı təmir olunaraq istifadəyə verilib, məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi diqqətdə saxlanılıb. Ötən il ərzində Nazirlik tərəfindən keçirilən idman tədbirlərində 10 minə yaxın idmançı iştirak edib. Muxtar respublika idmançıları 2018-ci il ərzində Dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 105 medal qazanıblar.
Azad Cabbarov ötən il işdə yol verilmiş nöqsanların da olduğunu və bu nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Nazir qeyd edib ki, 2019-cu il ərzində də Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə qarşıya qoyulmuş tələb və tapşırıqların lazımi səviyyədə həyata keçirilməsini özünün gələcək fəaliyyət istiqaməti kimi müəyyənləşdirməlidir. Nazirlik öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə, eyni zamanda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində qurmalıdır.
Məruzə ətrafında çıxışlar dinlənilib.
İclasda nazirliyin 2019-cu il üçün iş planı təsdiq edilib, müzakirə olunan məsələ ilə bağlı qərar qəbul olunub.
Turab Hacızadə