Azərbaycanın 3 yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
NUHÇIXAN xəbər verir ki, Nihad Quluzadə (60 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Fərahim Mustafayev (67 kiloqram) 1/4 finalda, Murad Əhmədiyev (97 kiloqram) isə təsnifat mərhələsində məğlub olublar. Onların uduzduqları rəqiblər finala çıxarlarsa, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcəklər.
Bu gün, həmçinin yığmanın 4 üzvü medal görüşünə çıxacaq. Rəşad Məmmədov (55 kiloqram) üçüncü yer uğrunda ukraynalı İvan Stefanskini, Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finalda müvafiq olaraq, moldovalı Vitali Yeriomemko və türkiyəli Yüksəl Sarıçiçeki, Laçın Vəliyev (87 kiloqram) isə təsəlliverici qarşılaşmada rumıniyalı Patrik Qordanı sınağa çəkəcək.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.