Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə şahmat üzrə 8, 10, və 12 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatının final mərhələsi keçirilib. Respublika Şahmat Mərkəzində reallaşan həlledici yarışda Naxçıvan Şahmat Federasiyasından 2 idmançı medallar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təmsilçilərimizdən Yasin Əzimov 10 yaşlı oğlanlar arasında 9 turluq mübarizədən məğlubiyyətsiz ayrılıb. Keçirdiyi görüşlərdən 7 qələbə, 2 heç-heçə əldə edən idmançı 8 xallıq göstərici ilə öz yaş kateqoriyasında ölkə çempionu olub. Ötən il də 9 yaşlılar arasında qitə birincisi olan azyaşlı şahmatçımız uğurun davamını gətirmək üçün əla fürsət əldə edib. Belə ki, ölkə çempionatının reqlamentinə əsasən 1-ci yerlərin sahibləri dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.
Əlavə edək ki, ölkə çempionatının final mərhələsinə vəsiqə qazanan daha 4 muxtar respublika şahmatçısı – Fatimə Yusifli, Rza Həsənli, Mirsaleh Seyidli və Ramal Həsənov 14-16 iyun tarixlərində Quba şəhərində keçirələcək 14, 16 yaşlıların mübarizəsində iştirak edəcək. Həmin yaş kateqoriyaları üzrə yarışlar 17-27 iyun tarixlərini əhatə edəcək.