Almaniyada keçiriləcək Avropa çempionatının F qrupunda qarşılaşcaq Portuqaliya və Çexiya komandaları böyük turnirlərdə dördüncü dəfə üz-üzə gələcək.
NUHÇIXAN xəbər verir ki, buna qədər komandalar ümumilikdə 5 rəsmi yarışda rəqib olub. Tərəflər 1996, 2008 və 2012-ci illərdə keçirilən Avropa çempionatlarında qarşılaşıblar. Digər iki görüş isə 2022-ci ildə, UEFA Millətlər Liqasında olub. Komandalar arasındakı görüşlərdə Çexiya cəmi 1 dəfə - 1996-cı ildə qələbə qazanmağı bacarıb. Qalan bütün oyunlarda Portuqaliya rəqibini üstələyib.
F qrupunda qarşılaşacaq digər komandalar - Türkiyə və Gürcüstan heç vaxt böyük turnirlərin final mərhələsində rəqib olmayıb. Seçmə mərhələlər və yoldaşlıq görüşlərində isə komandalar ümumilikdə 5 dəfə üz-üzə gəlib. Bunların üçündə Türkiyə, birində Gürcüstan millisi qələbə qazanıb. Bir oyun isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, Türkiyə - Gürcüstan oyunu Bakı vaxı ilə saat 20:00-da, Portuqaliya - Çexiya matçı isə saat 23:00-da start götürəcək.