Şahmat üzrə yarışda kənd komandaları güclərini sınayıblar - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində kənd komandaları arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarış başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Babək rayon bölməsinin əməkdaşı Hacı Hacıyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini, beynəlxalq dərəcəli hakim Emin Hacıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev, Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İbrahim Soltanov çıxış ediblər. Bildirilib ki, yarışı keçirməkdə məqsəd yaş qrupundan və peşəsindən asılı olmayaraq kənd yaşayış məntəqələrindəki istedadlı zəka sahiblərini üzə çıxarmaq, bu idman növünə olan marağı artırmaq və şahmatın kütləviliyinə nail olmaqdır. Qeyd olunub ki, muxtar respublikada şahmat idman növünün inkişafı diqqətdə saxlanılır. Federasiya sədri tərəfindən şahmatçılarla görüşlər keçirilir, onların problemləri aradan qaldırılır. Verilən tapşırıqlara uyğun olaraq istedadlı şahmatçıların üzə çıxarılması məqsədilə bu qəbildən olan bir neçə turnir təşkil olunacaq.
Sonra yarışa start verilib. 16 komandadan 64 zəka sahibinin mübarizə apardığı turnirdə finalçılar “Nehrəm” və “Cəhri” komandaları olub. Nehrəmli şahmatçıların qalib adını qazandığı turnirdə “Nəzərabad” komandası “Güznüt”ü mübarizədən kənarlaşdırıb və 3-cü yerin sahibi olub. Mükafatçılara fəxri fərman və kuboklar təqdim olunub.
Birincilik Naxçıvan MR Şahmat Federasiyasının Babək Rayon Bölməsi və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.