Yeni mövsümdə Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, son ölkə çempionu braziliyalı Alisson Damaseno Masiel (Kadinyo) ilə anlaşıb.
Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Məlumat üçün qeyd edək ki, bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu və baş məşqçisi Biro Jadedir. Kadinyo Braziliyada ESMAC və “Guarani” klublarında çıxış etdikdən sonra İspaniyanın “Ribera Navarra” komandasına keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/2023-cü illər mövsümündə Fransanın “Nant Metropol” klubunun uğurları üçün çalışıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.