İstanbulda keçirilən Türkiyə Superkubokunun oyununda “Beşiktaş” “Qalatasaray”ı darmadağın edib.
NUHÇIXAN xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutmuş matçı Atilla Karaoğlanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Hesab hakimin start fitindən cəmi bir neçə saniyə sonra açılıb. Norveçli Yunas Svenssonun ötürməsindən sonra italiyalı hücumçu Çiro İmmobile topu tora qovuşdurub. Əsasən qarşılıqlı hücumlarla yadda qalan ilk yarıda başqa qol vurulmayıb. Eyni zamanda, ilk hissə sərt oyunla yadda qalıb. Belə ki, hakim 5 dəfə əlini cibinə atıb.
İkinci hissəyə də “qara qartal”lar daha fəal başlayıb. 53-cü dəqiqədə Svensson uruqvaylı qapıçı Musleranı məyus edib. Növbəti qol 81-ci dəqiqədə vurulub. İmmobile penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. Cəmi 6 dəqiqə sonra “sarı-qırmızılar”ın müdafiəçisi Viktor Nelsson qırmızı vərəqə alaraq meydandan qovulub. Bu isə “Beşiktaş”a yeni qol imkanları yaradıb. Əlavə edilmiş birinci dəqiqədə Rafa Silva, bir dəqiqə sonra isə Mustafa Həkimoğlu fərqlənərək hesabı darmadağın həddinə çatdırıb – 5:0.
Beləliklə, “Beşiktaş” 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb və qələbə sayında “Trabzonspor”la bərabərləşib. “Qalatasaray” 17 kubokla turnirin rekordçusudur.