NUHÇIXAN xəbər verir ki, Babək rayonunda idman sahəsindəki mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, rayonda ayrı-ayrı idman növləri üzrə 12 federasiya bölməsi fəaliyyət göstərir, idmanla məşğul olanların sayı ilbəil artır. Belə ki, rayon üzrə 5063 nəfər idmanla məşğul olur ki, onlardan 4115-i oğlan, 948-i isə qızdır. Sağlamlıq imkanı məhdud 32 uşaq ötən dövr ərzində idmana cəlb olunub.
Qeyd olunub ki, babəkli şahmatçı Əli Əliyev Mingəçevir şəhərində keçirilən Azərbaycan birinciliyinin zona yarışlarında və Türkiyə Respublikasının Ordu şəhərindəki yoldaşlıq turnirlərində iştirak edib, hər iki yarışda II yerin sahibi olub. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda keçirilən birincilikdə Babək rayon Uşaq-Gənclər Şahmat məktəbinin komandası II yerə çıxıb.
Karate-do ilə məşğul olan Vüsal Seyidov ötən il İran İslam Respublikasında keçirilən beynəlxalq turnirlərdə 2 qızıl medal qazanıb. Qaydasız döyüşdə Rəzzaq Əliyev, sərbəst güləşdə Heydər Nəcəfov, kikboksinqdə Yusif Quluzadə, boksda Ülvi Süleymanov, bədii gimnastikada Günəş Hüseynova ötən il muxtar respublika, ölkə və dünya əhəmiyyətli turnirlərdə uğurlu çıxışları ilə seçilib, müxtəlifəyarlı medalların sahibi olublar.
İcra başçsısı deyib ki, 2019-cu ildə federasiyaların rayon bölmələri Babək Rayon Gənclər və İdman İdarəsi ilə birgə iş qurmalı, müxtəlif yarışlar təşkil olunmalıdır. Rayon Uşaq-Gənclər Şahmat və İdman məktəbləri işlərində dönüş yaratmalı, Təhsil Şöbəsi ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarəti daha da gücləndirməli, məktəblilərin fiziki cəhətdən sağlam böyüməsi üçün səylə çalışmalıdır.
Daha sonra digər çıxışlar dinlənilib.
Röyal Kərimov