“Minsk 2019” ikinci Avropa Oyunlarının iyunun 22-dən 25-dək keçiriləcək velosiped yarışlarının marşrutu müəyyənləşib.
NUHÇIXAN II Avropa Oyunlarının rəsmi saytına istinadla xəbər verir ki, iyunun 22-də qadınlar 120, iyunun 23-də isə kişilər 180 kilometrlik məsafələr üzrə yürüşlərdə qüvvələrini sınayacaqlar. Belçika, Fransa, İtaliya kimi velosiped ölkələrinin təmsilçilərinin də qatıldıqları yarışlarda 78 qadın, 148 kişi idmançı medallar uğrunda mübarizə aparacaq.
Velosiped yarışlarının qrup ötüşmələrinə Minskin Oktyabr meydanından start veriləcək. İştirakçılar Svisloç çayının sahili boyu hərəkəti davam etdirərək Minskin görməli yerlərindən keçəcəklər.
İyunun 25-də qadınlar (23 ölkədən 34 qadın) və kişilər (30 ölkədən 50 kişi) üçün 28,6 kilometr məsafə üzrə fərdi yarışlar təşkil ediləcək. Fərdi yarışlar isə Minskin mərkəzi sayılan tarixi “Yuxarı şəhər”dən start götürəcək.