“Land of Fire” komandası İsveçrədə qış polosu üzrə dünya kubokunda üçüncü olub - FOTOLAR
İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə “Snow Polo World Cup St. Moritz” dünya kuboku turnirinin həlledici oyunları keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə turnirdə ölkəmizi “Land of Fire” komandası təmsil edir.
Azərbaycan Atçılıq Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, komandamız keçirdiyi 3 oyundan ikisində qalib gəlib. “Land of Fire” son oyunda turnirin on üçqat çempionu “Cartier” komandası ilə növbəti dəfə qarşılaşaraq 5:0 hesabı ilə qalib gəlib. Beləliklə, “Land of Fire” komandası turnirdə üçüncü yeri tutaraq Avropa polo meydanlarında Azərbaycanı layiqli təmsil edərək milli atçılıq idmanı tarixinə növbəti töhfəsini verib.
Bu turnir İsveçrənin ən məşhur qış kurortlarından biri olan Sankt-Moritz şəhərində ənənəvi olaraq 35-ci dəfə təşkil olunub. Bu dünya kuboku turniri həm də milli mədəniyyətimizin, qədim tariximizin və müasir inkişafımızın təbliği, ölkəmizin turizm potensialının tanıdılması üçün də xüsusilə əlamətdar olmuşdur.
Turnir boyu hər gün tamaşaçılara Əməkdar məşqçi Azər Həmzəyevin və Əməkdar artist, xoreoqraf Nailə Məmmədzadənin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi ilə rəqs ansamblının ifasında əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Odlar Yurdu – Azərbaycan” adlı unikal şou-kompozisiya nümayiş olunub.
Kompozisiya zamanı polonun vətəni Azərbaycanın atçılıq ənənələri, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı kimi tanınması Avropa tamaşaçılarına nümayiş etdirilib. Süvarilər dəstəsinin və rəqs ansamblının əzəmətli və təkrarolunmaz çıxışları tamaşaçıların zövqünü oxşayıb, milli musiqimizin ecazkar sədaları onların duyğularını coşduraraq şaxtalı havada əsl Odlar Yurdu hərarətini hiss etdirib.
Qarabağ atları üzərində süvarilərimizin inanılmaz və möhtəşəm çıxışları, rəqqaslarımızın heyranedici rəqsləri böyük çoşqu ilə qarşılanıb.
Azərbaycanın qədim tarixinin və mədəniyyətinin tərənnüm olunduğu pavilyonda ölkəmizin keçmişi və bu günü, sürətli inkişafı, turizm potensialı haqqında tamaşaçılara milli musiqimizin sədaları altında ətraflı məlumat verilib, məxsusi olaraq bu turnir üçün hazırlanmış bukletlər paylanıb. Pavilyonun qarşısında rəqs ansamblının ifasında milli rəqslərimiz tamaşaçıların böyük marağına səbəb olub.
Tanınmış mədəniyyət xadimi Yaşar Baxışın rəhbərliyi altında musiqiçilərimizin ifasında həzin milli musiqi nümunələri, populyar klassik melodiyalar ilə Azərbaycan musiqisinin sintezindən ibarət olan unikal əsərlər ziyarətçilərin xüsusi marağını cəlb edib.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil edilmiş “Azerbaijan – Take another look” pavilyonunda ziyarətçilərin ölkəmizi canlı izləməyi üçün unikal imkan yaradılmışdır. Belə ki, VR texnologiyası sayəsində hər kəs Azərbaycanın gözəlliyi ilə tanış olmaq fürsəti əldə etmişdir. Lahıc misgərliyi və Şəki şəbəkə sənətkarlığı nümunələri, xalçalar, caz üslubunda milli musiqi fonunda Azərbaycanı əks etdirən fotolardan ibarət sərgi qonaqların diqqətini cəlb etmişdir. Pavilyon qarşısında rəqs ansamblının ifasında milli rəqslərimiz böyük diqqətə səbəb olmuş, tamaşaçılar rəqqaslarımızla birgə yallı gedərək rəqs etmişlər. Pavilyonu ziyarət edən hər kəsə Azərbaycan barədə yeni çap olunmuş broşürlər təqdim olunmuşdur.