Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
NUHÇIXAN-ın məlumatına görə, kişilərdən ibarət kollektiv X turda Kuba ilə üz-üzə gələcək.
Komanda hazırda 12 xalla 21-ci yerdədir. Hindistan 17 xalla lider mövqeyini qoruyub saxlayır. 15 xala malik ABŞ ilə Özbəkistan müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşür.
Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.
Qadınlardan ibarət kollektiv X turda Monqolustanla münasibətlərə aydınlıq gətirəcək. Hazırda 13 xalı olan yığma 12-ci yerdə qərarlaşıb. Qazaxıstan 16 xalla liderdir. Hindistanın 15, Çinin isə 14 xalı var.
Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5), İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.