İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta bu yay Almaniya təmsilçisi "Leyptsiq"dən transfer etdikləri Dani Olmonun qiymətini açıqlayıb.
NUHÇIXAN "Mundo Deportivo"ya istinadən xəbər verir ki, prezident 26 yaşlı ispaniyalı yarımmüdafiəçiyə 47 milyon avro ödədiklərini söyləyib.
O, yay fasiləsində cəmi iki transfer həyata keçirdiklərini bildirib:
"Əvvəllər investisiyalarla bağlı problemlərimiz var idi, lakin idman direktorumuz bu vəziyyətin öhdəsindən gəldi. Yayda transferlərimiz Dani Olmo və Pau Viktor oldu. Biz böyük transferlər üçün 50 milyon avro xərcləməyi düşünürdük. Olmo bizə 47 milyon avroya başa gəldi".
Qeyd edək ki, İspaniya yığmasının yarımmüdafiəçisi cari mövsümdə Kataloniya klubunun heyətində üç oyun keçirib və 3 qol vurub. Onun klubla hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.