Naxçıvanda cüdo üzrə beynəlxalq turnir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyanın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən cüdo üzrə beynəlxalq turnir keçirilib.

NUHÇIXAN xəbər verir ki, turnir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov turnir iştirakçılarını salamlayaraq bildirib ki, cüdo üzrə beynəlxalq turnirin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunması onun əhəmiyyətini daha da artırır. Ona görə ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılıb. İdman sahəsində maddi-texniki baza yaxşılaşdırılıb, idman kompleksləri tikilib, meydançalar salınıb, böyük idman-sağlamlıq mərkəzləri yaradılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar.

Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. İdmanın inkişafına göstərilən dövlət qayğısı, yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri gənclərin idmana olan marağını artırıb, peşəkar idmançıların yetişməsini təmin edib. Müasir idman infrastrukturunun, eləcə də perspektivli idmançıların mövcudluğu muxtar respublikada müxtəlif səviyyəli idman yarışlarının keçirilməsinə imkan verir.

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə 100-dən çox idmançının 9 komanda tərkibində çıxış etməsi beynəlxalq turnirə marağın böyük olduğunun göstəricisidir”, – deyən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə beynəlxalq turnirin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib, yarışda iştirak edən idmançılara qələbə arzulayıb.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildirib ki, Azərbaycanda idman ənənələrinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu Öndərin diqqət və qayğısı nəticəsində ölkənin bütün regionlarında olimpiya-idman kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. İsmayıl İsmayılov yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən cüdo üzrə beynəlxalq turnir açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Turnirdə Gürcüstan, Türkiyə və Rusiya komandaları, eləcə də ölkəmizin Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Naxçıvan və Culfa komandaları mübarizə aparıblar. Olimpiya sistemi üzrə təşkil edilən beynəlxalq turnirin final görüşündə Naxçıvan Muxtar Respublikası və Gürcüstan komandaları üz-üzə gəliblər. Gərgin keçən görüş naxçıvanlı cüdoçuların qələbəsi ilə başa çatıb. Türkiyə və Bakı komandaları isə turnirin bürünc medalını qazanıblar.

Sonda qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.

Mükafatları Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim ediblər.

Bununla da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən Cüdo üzrə Beynəlxalq turnir başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: