Xuraman Muradova Naxçıvan gəncləri ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində xeyriyyəçi sahibkar, şairə Xuraman Muradovanın gənclərlə görüşü keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirliklərinin Hərbi Kolleclə birgə təşkil etdikləri tədbirdə gənclərlə yanaşı, rəsmilər, mədəniyyət xadimləri, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Sonra Xuraman Muradova ilə bağlı məlumatlar diqqətə çatdırılıb, haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü, “Vektor Beynəlxalq Elmlər Akademiyasının, Əlişir Nəvai adına Daşkənt Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru olan Xuraman Muradova istər sahibkar, istərsə də yaradıcı bir insan kimi ölkəmizdə və bir sıra türk dövlətlərində fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub, xaricdə təşkil olunan mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov təmsil etdiyi qurum və gənclər adından dəvəti qəbul edib Naxçıvana təşrif buyurduğu üçün qonağa təşəkkür edib, tədbirin gənclərin vətənpərvərlik tərbiyəsinə təsiri, eyni zamanda şeirə, ədəbiyyata olan marağının yüksəlməsinə önəmli töhfə kimi dəyərləndirib. Xuraman xanımın zəngin yaradıcılığı, xeyriyyəçilik fəaliyyəti barədə fikirlərini bölüşən nazir müavini ədibin maraqlı və nümunəvi həyat yolu, ictimaiyyət arasındakı hörməti, türk dünyasındakı oxucu rəğbətini, xüsusən də 44 günlük Vətən müharibəsi zamanı arxa göstərdiyi dəstəyi, eyni zamanda istedaddlı gənclərin ali təhsili üçün etdiyi yardımları xüsusi vurğulayıb. Məcid Seyidov əlavə edib ki, bu cür tədbirlərin təşkilini muxtar respublikanın bölgələrində həyata keçirilməsi üçün də əsaslı zəmin yaranıb və bu istiqamətdə müvafiq işlər aparılacaqdır.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov qonağı Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, təşkil olunan görüşün Naxçıvan ədəbi mühiti ilə tanışlıq və bu sahədə yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından uğurlu olacağına inamını ifadə edib. Qeyd edib ki, Xuraman xanımın yaradıcılığında Naxçıvana həsr olunmuş yaradıcılıq nümunələrinin olması onun 100 illik muxtariyyət yolu keçmiş diyarımıza olan sevgisinin təzahürüdür. Ədibin iştirakı ilə yubiley ilində keçirilən bu tədbirin daha yaddaqalan olması üçün mədəniyyət xadimlərinin də günə öz töhfəsini verəcəyini deyən Həsən Seyidov tədbirin təşkilində əməyi olanlara öz təşəkkürünü bildirib.

Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov öz təəssüratlarını və fikirlərini bölüşməklə tədbirin poetik və vətənpərvərlik üslubuna təsirli anlar qatıblar.

Xuraman Muradova tədbirin təşkilinə görə təşkilatçı qurumlara öz dərin minnətdarlığını ifadə edib, Naxçıvanın və bu yurdun insanlarının onun üçün əziz, doğma olduğunu diqqətə çatdırıb. Şairə öz yadacılığına aid şeirlərdən parçalar səsləndirib, müəllifi olduğu kitablar haqqında məlumatları diqqətə çatdırıb. “Əsrə bərabər 20 il” kitabına xüsusi önəm verən şairə bildirib ki, burada əsasən ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin qazanılmış möhtəşəm Zəfərdə, ölkəmizin inkişaf və tərəqqisi yolundakı yorulmaz fəaliyyətindən bəhs olunur.

Xuraman Muradovanın zəngin yaradıcılıq nümunələrindən “Əsrin qəhrəmanı olan Komandan!”, “Zərifə xanım”, “Nəbi və Həcər dastanı” “Döz ürəyim” şeirləri, sözlərinin müəllifi olduğu “Sənə məktub yazacam” və “Ayrılıqlar” adlı mahnıları səsləndirilib.

Tədbir çərçivəsində Xuraman Muradovanın yenicə çapdan çımış “Kimim var ki dağlarda?!” adlı kitabı ilk dəfə ictimaiyyətə təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: