Minskdə ikinci Avropa Oyunlarına həsr olunan poçt markaları təqdim edilib - FOTOLAR
Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi “İkinci Avropa Oyunları – 2019” seriyası üzrə dörd poçt markası buraxıb.
NUHÇIXAN “Minsk 2019”un saytına istinadla xəbər verir ki, markaların təntənəli təqdimat mərasimi ikinci Avropa Oyunlarının təşkilat komitəsinin sədri Georgi Katulinin, Belarus Respublikasının rabitə və informasiya nazirinin birinci müavini Dmitri Şedkonun, idman və turizm nazirinin müavini Aleksandr Baraulinin, həmçinin Oyunların maskotu Lesikin iştirakı ilə keçirilib.
İkinci Avropa Oyunlarının təşkilat komitəsinin sədri Georgi Katulin poçt markalarının təqdimatının əlamətdar hadisə olduğunu vurğulayıb. O, İkinci Avropa Oyunlarının Belarusda idmanın inkişafı baxımından əhəmiyyətini qeyd edib.