Naxçıvan karateçisi Vüsal Seyidov ölkə çempionu olub - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yarışlarda 35-dən çox klub və nümayəndəliklərdən 300 yaxın karateçi öz qüvvəsini sınayıb.
Ölkə çempionatında muxtar respublika idmançılarından ikisi mükafatçılar sırasına düşüb. Vüsal Seyidov 18-20 yaşlılar arasında bütün rəqiblərini üstələyərək ölkə çempionu olmağı bacarıb. Vüsal eyni zamanda 18+ yaş kateqoriyasında gümüş medal qazanmağa müvəffəq olub. Digər təmsilçimiz Məhəmməd Bağırov isə 16-17 yaşlılar arasında gümüş medala layiq görülüb.
Qeyd edək ki, ilk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunmaqla, 2025-ci ildə keçiriləcək dünya və avropa çempionatlarında ölkəmizi təmsil etmək imkanı qazanacaq.