Gəncliyə qayğı gələcəyə qayğıdır

A- A A+

2 Fevral Azərbaycanda Gənclər Günüdür. Bu əlamətdar tarixi gün gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər gənclərlə bağlı siyasəti müstəqil Azərbaycan dövlətinin mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib, daim gənclərə qayğı göstərmişdir. Məhz Onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuşdur. Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində sistemli işin aparılması məqsədilə uzaqgörən dahi şəxsiyyət tərəfindən ilk addım olaraq gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin 1996-cı il 22 iyun tarixdə imzaladığı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Dahi rəhbərin təşəbbüsü ilə hələ Sovetlər Birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmiz müstəqillik qazandıqdan sonra da milli kadr təminatında əsas amil olmuşdur.

Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən dahi şəxsiyyət Heydər Əliyev fevralın 2-sinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıldı. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqladı. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.

1999-cu ildə keçirilən gənclərin ikinci forumunda onlara xüsusi diqqət ayıran Ümummilli Lider forumda çıxış edərək gənclərə müraciət etdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”. Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu.

Ümummilli Lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Dövlət başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə öz Prezidentinə dəstəyinin bariz nümunəsidir.

2003-cü ildən sonrakı dövrdə də gənclər siyasətinin inkişaf istiqaməti mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə Gənclər ilə bağlı Dövlət proqramları qəbul edildi. “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı da bu qəbildəndir.

Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Vətən müharibəsinin əsas hərəkətverici qüvvəsi gənclər oldu. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Bu siyasətin nəticəsidir ki, ölkəmizdə sağlam və intellektual, milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişməkdədir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Gülxarə Tarverdiyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: