NAXÇIVAN GƏNCLİYİ 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ DƏ ÖZ LAYİQLİ SÖZÜNÜ DEDİ

A- A A+

Ümummilli Lider Heydər Əliyev gənclərə daim diqqət və qayğı ilə yanaşırdı. Göstərilən bu diqqət və qayğı sayəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncliyi zaman keçdikcə milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başladı. Sözügedən proses çərçivəsində müxtəlif ictimai birliklər yaradaraq ölkəmizi xarici arenada da təmsil etməyə başlayan gənclərin inkişafı, beləcə, keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Məhz bundan sonra Azərbaycanda gənclər siyasəti daha da genişlənərək imzalanmış fərman və sərəncamlar, verilmiş qərarlar fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. Ulu Öndər Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi isə bu istiqamətdə atılan növbəti addım oldu.

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin bəhrələrini Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında bütün incəlikləri ilə görmək mümkündür. Ölkə başçısının Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməsi nəticəsində Naxçıvanda gənclərə diqqət və qayğı gündən-günə artır. Naxçıvan gənclərinə bütün sahələrdə etimad göstərilir, onların hərtərəfli inkişafı üçün şərait və imkanlar yaradılır. Gənclərin ixtisaslarının artırılması, çalışdıqları sahələr üzrə daha da təkmilləşmələri, inkişaf etmiş demokratik ölkələrin təcrübələrinə yiyələnmələri üçün məqsədyönlü iş aparılır. Nəticədə, doğma diyarımızda idarəetmə bacarığı ilə seçilən vətənpərvər, dövlətçiliyə bağlı, intellektual, dünyagörüşlü, müasir gənclik yetişir.

          Gəncliyin sağlam və vətənpərvərlik ruhunda yetişməsi, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı üçün muxtar respublikamızda hər cür şərait yaradılıb. Ulu Öndərin 1999-cu il oktyabrın 11-də Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun açılışı zamanı söylədiyi fikirlər bu gün də muxtar respublika gəncliyinin aydın fəaliyyət proqramı səviyyəsindədir: “Gənclərin vəzifəsi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, elmini inkişaf etdirməkdir. Ümidvaram ki, Azərbaycanın bugünkü gəncləri, o cümlədən Naxçıvan Dövlət Universitetinin tələbələri bunların hamısına qadirdir və biz gələcəkdə onların işlərinin nəticələrinin şahidi olacağıq”. Bu gün həyatımızın müxtəlif sahələrində özünü büruzə verən uğurlar, naxçıvanlı gənclərin əldə etdiyi nailiyyətlər Ulu Öndərin bu fikirlərinin artıq gerçəkləşdiyini göstərir. Gəncliyə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsidir ki, muxtar respublika gəncliyinin səsi artıq dünyanın müxtəlif inkişaf etmiş ölkələrindən gəlir.

          Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, onların sosial problemlərinin həlli, hüquqlarının müdafiə edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının səmərəli olaraq həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardır. Son illərdə muxtar respublikada gənclik mərkəzlərinin, kitabxanaların, mədəniyyət evlərinin, ali təhsil müəssisələrində yeni tədris korpuslarının, orta məktəb binalarının və digər obyektlərin gənclərin istifadəsinə verilməsi bu siyasətin uğurla davam etdirildiyini göstərir.

          Naxçıvan Muxtar Respublikasında gənclər cəmiyyət həyatında mühüm rol oynayırlar. Bu gün muxtar respublikada gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda böyüməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir.  Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

          Muxtar respublikada fəaliyyət göstərən tələbə və ictimai təşkilatların layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşkilatlanmaları, komanda işinin qurulması, elmi və ictimai fəaliyyətin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olan mərkəzlərin istifadəyə verilməsi dövlət gənclər siyasəti baxımından növbəti uğurlu addımdır. Muxtar respublika gəncliyi isə göstərilən diqqət və qayğıya cavab olaraq bütün sahələrdə muxtar respublikamızın inkişafına layiqli töhfələr verməyə çalışır. Qazanılan uğurlar da az deyil. 2017-ci il yanvarın 31-də əldə edilən növbəti uğur isə nəinki gənclərə, muxtar respublikamızın hər bir sakininə sonsuz sevinc və qürur bəxş etdi. “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq həyata keçirilən “Gənclər Paytaxtı” seçimində Naxçıvan şəhəri səslərin 30 faizini toplayaraq birinci oldu və 2018-ci il Azərbaycanın Gənclər Paytaxtı seçildi.

          Ölkə başçısının qayğısı ilə gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülmüşdür. Son illərdə Naxçıvan şəhərində tikilərək istifadəyə verilən üç böyük gənclər şəhərciyi yüzlərlə gəncin uzunmüddətli və güzəştli ipoteka şərtləri ilə mənzil sahibi olmasına imkan yaratmışdır. Muxtar respublikada gənclərin mənzilə olan tələbatının ödənilməsi məqsədilə hazırda da lazımi işlər aparılır, yeni yaşayış binaları tikilib istifadəyə verilir, gənclərin ipoteka krediti ilə mənzil sahibi olmalarına şərait yaradılır. Bu işlər muxtar respublikanın bütün rayon mərkəzlərində aparılır, yeni yaşayış binaları tikilir, gənclər ipoteka krediti ilə mənzil sahibi olurlar.

          Muxtar respublika gəncləri həm də çox vətənpərvərdir. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi Naxçıvan gənclərinin necə vətənpərvər və Vətənin müdafiəsinə hər an hazır olduğunu göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 2020-ci il 28 sentyabr tarixli Sərəncamı, bu mənada, vətənpərvər naxçıvanlı gənclərin də ürəyindən xəbər verdi. Ayağa qalxan qeyrətli oğullarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayonlarımızdakı yerli idarə və şöbələrinin qarşısına yığışıb könüllü olaraq döyüşlərdə iştirak etmək istədiklərini bildirdilər. Vətən müharibəsində iştirak edən naxçıvanlı gənclər Şanlı Qələbənin qazanılması üçün əlindən gələni etdi və böyük şücaət göstərdi. Bu savaşda igidliklə döyüşən, şəhid və qazi olan naxçıvanlı gənclər sübut etdilər ki, bu gün Naxçıvanda qəhrəmanlıq ənənələri yaşadılır. Canları, qanları bahasına qələbə qazanan bu igidlər öz şücaətləri ilə necə vətənpərvər, torpağa, yurda bağlı olduqlarını bütün dünyaya göstərdilər.

Qafar QƏNBƏROV

Naxçıvan Muxtar Respublikası

 Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: